00:00:00
Yazar
Admin User
18.11.2023 11:43 596 3 dəq oxuma
Sosial

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

"Biz böyük qınaq və etirazlara rəğmən öz işini görə bilməyən 700 müəllimi işdən çıxara bildik".

 

İnformator.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının ( NASCOXXVI) rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

 

Məsələ ilə bağlı Elmin Nurizadə İnformator.az-a açıqlamasında öz təəssüratlarını bildirib. Ekspertin sözlərinə görə, məsələni heç bir halda dramatikləşdirməyə ehtiyac yoxdur.

 

"Dünyanın demək olar ki, hər bir yerində istənilən sahə üzrə əməkdaşların, kadr heyətinin peşə yararlılığının nə dərəcədə uyğunluğu yoxlanılır və tələblərə cavab verməyən şəxslər qarşılıqlı razılaşma əsasında işdən çıxarılır. Nazir Emin Emrullayevin çıxışında da bu kimi nüanslar öz əksini tapıb”.

 

Elmin Nurizadə deyir ki, bu normal prosesdir və Azərbaycanda da ilk dəfə yaşanmır.

 

"Müəllimlər cəmiyyətin əsas görülən üzvlərindən biridir deyə, bu bir az səs yaratdı. Mən, 10 minlərlə müəllim arasında minimal standartlara 2 dəfə ard-arda cavab verməyən 743 müəllimin işdən çıxarılmasının faciə olmasını şəxsən düşünmürəm. Burada təbii ki, müəllimlər özlərinin peşə yararlılığının lazımi səviyyədə olmaması, bilik səviyyələrinin minimal həddə çatmaması və bu kimi hallar əsas götürülməlidir”.

 

Ekspertin sözlərinə görə, burada qınanılası şəxslər varsa, elə onlar da müəllimlər olmalıdır.

 

"Çünki elə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bir dəfə əvəzinə 2 dəfə həmin müəllimlərə şərait yaratdı. Təsəvvür edin, bu müəllimlər bir dəfə kəsildilər, minimal balı yığa bilmədilər. Dövlət elə bir şərait yaratdı ki, 60 sualın yarısına cavab verən şəxsin maaşı 10% artacaqdı. Hətta bu artım məsələsi olmasaydı da, o sualları cavablamaq bir müəllimin borcu idi. Çünki bu illərdi ki, bu fənni tədris edir, bu ixtisasa yiyələnib. Universitet həyatı keçib, təlimlərdə, forumlarda seminarlarda, konfranslarda iştirak edib. İştirak etməyibsə, etməli idi, borcu idi”.

 

Müsahib qeyd edir ki, dövlət onlara yenə də ikinci dəfə şans verir.

 

“Ancaq bir ildən sonra bu müəllimlər ikinci dəfə imtahan verirlər və yenə də kəsilirlər. Bu müəllimləri yenidən məktəbdə saxlamaq, bunları yenidən fənlə təmin etmək nə dərəcədə doğrudur? Bu bir az bizim cəmiyyətimiz adına, gələcəyimiz adına, şagirdlərimiz adına insafsız hərəkət olmazdımı? Mən düşünürəm ki, olardı”.

 

İllərlə öz fənnini tədris edən şəxs kimdir?

 

Elmin Nurizadənin dediyinə görə, bu predmeti mükəmməl bilən və öz bilik və bacarığını qarşıdakına ötürən şəxs olmalıdır.

 

"Bu adla dövlətdə maaş alan şəxslər həmin bir illik zaman müddətində də yaxşı hazırlaşmırlar və minimal balı toplaya bilmirlər”.

 

Ekspert bir nüansa da toxunub ki, ötən həftə belə bir məlumat yayıldı ki, Bakı şəhəri üzrə ikinci dəfə sertifikasiyadan kəsilən 141 müəllimin 50-si məktəblərdə digər işlərlə təmin olunublar.

 

"Burda söhbət texniki və təşkilati işlərdən gedir. Mən bununla razıyam. Elə müəllim var ki, onlar öz fənnini, predmetini zəif bilirlər. Buna hazırlaşmayıblar, reallıq budur. Amma təhsil mühitinin içərisindədirlər, mühiti , şagirdlə davranış məsələsini , idarəetmə prinsiplərini bilirlər. Buna görə digər texniki və təşkilati işlərdə onlara yer ayırmaq olar. Amma qətiyyən həmin müəllimlər yenidən bir müddətdən sonra başqa adla tədris prosesinə cəlb oluna bilməməlidir”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər