Müəllimlərin əməkhaqqının artması keyfiyyətə bilavasitə təsir göstərir
"İlk növbədə qeyd edim ki, hazırda ölkənin 4.432 təhsil məktəbində 150 min müəllim çalışır. Son il ərzində isə müəllimlərin əməkhaqqı ciddi şəkildə artırılıb. Rəqəmlərə baxsaq, məsələn, 5 il bundan əvvəl, əgər müəllimlərin orta əməkhaqqısı 260 manat idisə, indi 720 manat üzərindədir”.
Bu sözləri informator.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin sözlərinə görə, bu gün müəllimlik ixtisasına ciddi şəkildə maraq artıb.
“Bunun əsas səbəbi məhz müəllimlərin əməkhaqqının digər xidmət sahələrində çalışanlarla müqayisədə yuxarı olmasıdır. Hazırda ölkədə 2.000 manatdan çox əməkhaqqı alan kifayət qədər müəllim var. Bunlar stimullaşdırıcı amillərdir. Məsələn, şagird sayı 2500-dən çox olan direktorların aylıq əməkhaqqı 3000 manat civarındadır. Yəni, bu gün Azərbaycanda müəllimlərin əməkhaqqı 1000 manat ətrafındadır, direktorların əməkhaqqı 2000 - 3000 arasında dəyişir”.
Ekspert qeyd edir ki, bütün bu rəqəmlər təbii ki, stimullaşdırıcı amillərdir.
“Məsələn, birinci ixtisas qrupunda müəllimliyin balı hüquqdan yuxarıdır. Yəni, biz bu dəyişikliyi görə bilirik”.
Kamran Əsədovun sözlərinə görə, müəllimliyin əməkhaqqının artması keyfiyyətə bilavasitə təsir göstərir.
“Məsələn, Ali məktəblərə qəbul olanların sayında, müəllimlik ixtisasını seçənlərin sayında müşahidə edirik. Bu tip amillər olduqca yaxşıdır və biz də bu dəyişikliyi kifayət qədər müşahidə edirik”.
K.Əsədov düşünür ki, təhsilin keyfiyyətini ölçən bir sıra alətlər var.
“Məsələn buraxılış və qəbul imtahanlarının nəticələri, Ali məktəblərə qəbul olanların sayının artması, şagirdlərin beynəlxalq olimpiadalarda nəticələrinin artması bura daxildir”.
Ekspert həmçinin qeyd edib ki, biz rəqəmlərə baxanda görürük ki, bu gün Azərbaycan müəlliminin beynəlxalq yarışlarda nəticələri ciddi şəkildə artıb.
"Bu onu deməyə əsas verir ki, bizim müəllimlərimizin nəticələridir ki, beynəlxalq yarışlarda, olimpiyadalarda uğurlarımız var, ali məktəblərə qəbul olanların sayında kəskin artım var. Təbii ki, artıq işə qəbul prosesində kütləviliyin artması və bu kimi hallar tərəqqinin, inkişafın göstəriciləridir”.
Aynur Babayeva
