“Müəllimlərin tam ştat rejiminə keçidi təhsildə yeni mərhələ açır"
"Müəllimlərin tam ştat iş rejiminə keçidi Azərbaycanın təhsil sistemində ciddi struktur dəyişikliyi kimi qiymətləndirilə bilər".
Bu sözləri "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Ekspert yeni iş rejiminin əsas mahiyyətinə də toxunub:
"Yeni modelin mahiyyəti ondan ibarətdir ki, artıq müəllimlər yalnız dərs saatlarında deyil, tam iş günü ərzində məktəbdə olacaqlar. Onlara daha stabil əməkhaqqı və sosial təminatlar veriləcək. Burada əsas məqsəd tədris keyfiyyətinin yüksəldilməsi, şagirdlərlə fərdi işin və əlavə məşğələlərin təşkili, məktəb həyatında iştirakın gücləndirilməsi, həmçinin əmək münasibətlərinin şəffaflaşdırılmasıdır", - deyə o bildirib.
R.Fikrətoğlunun sözlərinə görə, müəllimlərin məktəbdə daha çox vaxt keçirməsinin çoxsaylı üstünlükləri var:
"Belə ki, müəllimlərin məktəbdə daha uzun müddət olması dərslərə hazırlığın, şagirdlərlə fərdi işin və qiymətləndirmənin səviyyəsini artıra bilər. Bu, dərs bitdikdən sonra zəif və ya istedadlı şagirdlərlə fərdi məşğələlər aparmaq üçün də əlavə imkan yaradacaq. Müəllimlər məktəbdə keçirilən tədbirlərdə, layihələrdə, valideynlərlə görüşlərdə və metodik işlərdə daha aktiv iştirak edə biləcəklər. İş saatı, yük və maaş hesablanması isə vahid sistemlə tənzimlənəcək. Bundan əlavə, şagirdlərlə fərdi məşğələlərə daha çox vaxt ayırmaq və məktəbdaxili peşəkar əməkdaşlığı gücləndirmək mümkün olacaq", - ekspert qeyd edib.
R.Fikrətoğlu prosesin mənfi tərəflərinə də diqqət çəkib:
"Mənfi tərəflərə gəldikdə, müəllimlərin iş yükü və gərginliyi arta bilər. Uzaq məsafədən gələn və ailəli müəllimlər üçün uzun iş saatları çətinlik yarada bilər. Məktəblərin infrastruktur baxımından tam hazır olmaması da problem doğura bilər. Beynəlxalq təcrübəyə baxsaq, Finlandiya, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə müəllimlər tam iş günü məktəbdə olurlar, lakin onların dərs yükü daha azdır. Məktəbdəki əlavə fəaliyyətlər isə daha çox yaradıcı və tədqiqat yönümlü olur. Yəni məqsəd sadəcə məktəbdə qalmaq deyil, peşəkar inkişaf və şagirdlərlə keyfiyyətli təmasın qurulmasıdır".
Ekspertin fikrincə, tam ştat iş rejiminə keçid birbaşa olaraq şagirdlərin dərs keyfiyyətinə, öyrənmə motivasiyasına və ümumi təhsil mühitinə təsir göstərəcək:
"Bu təsirlər həm müsbət, həm də potensial mənfi istiqamətlərdə özünü göstərə bilər. Müsbət tərəflər ondan ibarətdir ki, dərslərə daha peşəkar hazırlıq, şagirdlərlə fərdi iş imkanı və məktəb komandası daxilində koordinasiya güclənəcək. Müəllimlər məktəbdə daha çox olduqları üçün dərs planlarını, tapşırıqları və tədris resurslarını yerindəcə hazırlaya biləcəklər. Bu isə dərslərin daha məqsədyönlü təşkilinə şərait yaradacaq. Dərsdən sonra zəif və ya istedadlı şagirdlərlə fərdi məşğələlər aparmaq mümkün olacaq ki, bu da diferensial tədrisin inkişafı üçün çox vacibdir".
Ekspert həmçinin bildirib ki, bu dəyişiklik valideynlərin də təhsilə yanaşmasına təsir edəcək:
"Müəllimlərin tam iş rejiminə keçməsi yalnız məktəb və müəllim mühitini deyil, valideynlərin övladlarının təhsilinə münasibətini də dəyişəcək. Bu proses ev tapşırıqlarının yükünün azalmasına səbəb ola bilər", - deyə o, fikirlərini yekunlaşdırıb.
Aytən Əhmədova
