Münasibətlərdə manipulyasiya
İnsan münasibətlərində, ailədə, dostluqda, sevgidə və iş mühitində - manipulyasiya çox zaman gizli şəkildə baş verir. Bəzən bir insan qarşısındakını günahkar hiss etdirməklə, emosiyaları ilə oynamaqla və ya qərarlarını yönləndirməklə üstünlük qazanmağa çalışır. Bu, münasibətlərin sağlamlığına ciddi təsir edir və uzunmüddətli psixoloji fəsadlara səbəb ola bilir.
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, münasibətlərdə ən çox rast gəlinən manipulyasiya formalarından biri "günahkarlıq yükləmək"dir:
"Bu zaman insan qarşı tərəfin vicdanına toxunan ifadələr işlədir, onu günahkar hiss etdirməyə çalışır. Məsələn, "sənin üzündən belə oldu", "sən olmasaydın belə olmazdıı", "mən sevilməmişəm, sən də sevmirsən məni" kimi cümlələr manipulyasiyanın açıq göstəriciləridir. Burada şəxs qurban roluna girərək duyğusal üstünlük qazanmağa çalışır. Digər bir geniş yayılmış forma "susaraq cəzalandırmaq"dır. Münasibətdə konflikt yarananda bir tərəf dialoqa girmək əvəzinə tamamilə susur. Bu da qarşı tərəfi psixoloji gərginlikdə saxlayır. Adətən qadınların daha çox danışmağa meylli olması səbəbindən bu vəziyyətlərdə onlar daha çox zərər görürlər. Həddindən artıq qısqanclıq və nəzarət də manipulyasiyanın bir formasıdır. Bəzən "səni sevdiyim üçün qısqanıram’", "narahat oluram, tez gəl evə" kimi ifadələr qoruma xarakterli görünsə də, əslində sevginin arxasında gizlənən nəzarət formasıdır. Bu, sevgi deyil, nəzarət vasitəsilə özünü təmin etmək cəhdidir. Emosional şantaj da münasibətləri zəhərləyən manipulyasiyalardandır. Ayrılıq zamanı "mən sənsiz yaşaya bilmərəm", "intihar edəcəm" kimi ifadələr normal görünə bilər, amma bunlar sağlam davranış deyil. Belə hallar daha çox toksik ailə modellərində böyüyən insanlarda müşahidə olunur, çünki beyin bu vəziyyətə öyrəşib. Manipulyasiyanın nəticəsində insan öz fikirlərinə, qərarlarına və duyğularına şübhə etməyə başlayır. Öz düşüncəsindən imtina edib, qarşı tərəfin irəli sürdüyü fikrə uyğun qərarlar verir. Bu zaman şəxs emosional asılılığa düşür. Əgər bir insan münasibətdə daim üzr istəyirsə, qarşı tərəfi razı salmaq üçün öz ehtiyaclarını ikinci plana atırsa, artıq emosional asılılıq yaranıb. Manipulyasiya edən insanlar adətən öz "mən"ini gizlətməyə çalışan, daxildəki ziddiyyətlərini tanımayan şəxslər olur. Əgər insan real ‘mən"ini, ideal "mən"ini və sosial "mən"ini dərk etmirsə, manipulyasiyaya tez təslim olur və öz kimliyini maskalamağa başlayır".
Psixoloq qeyd edib ki, manipulyasiyadan qorunmaq üçün isə ilk addım onun nə olduğunu dərk etməkdir:
"İnsan manipulyasiya olunduğunu hiss etmək üçün öz bədən reaksiyalarına diqqət etməlidir. Mədə ağrısı, ürəkbulanma, iştahsızlıq, yuxu pozğunluğu, hətta asosial davranışlar, bunlar psixoloji gərginliyin bədəndə əksidir. Sağlam sərhədlər qoymaq da mühüm faktordur. İnsan "yox" deməyi bacarmalıdır. Qarşı tərəfin inciməməsi, bizi tərk etməməsi qorxusu ilə daim razılaşmaq sərhədləri zəiflədir. İtirmə qorxusundan uzaq durmaq lazımdır. Sərhədləri qorumaq sərtlik deyil, açıq və təmkinli şəkildə öz mövqeyini ifadə etmək bacarığıdır. İnsan münasibətində özünə sual verməlidir: "Bu münasibət mənə faydalıdırmı, yoxsa zərərlidir?" Əgər cavab "zərərlidir"dirsə, həmin münasibəti bitirməkdən çəkinməmək lazımdır. Manipulyasiyadan qorunmaq istəyən insan əvvəlcə öz travmalarını, keçmiş təcrübələrini tanımalıdır. ‘Bu insan mənim həyatımda niyə var?’ sualına cavab tapmaq vacibdir. Bəzən bədən və şüur buna müqavimət göstərə bilər, amma kökdən sağalmaq üçün bir mütəxəssisdən dəstək almaq çox önəmlidir".

Sura Əliyeva
