Müsahibə mədəniyyətinin deqradasiyası: suallar niyə səthi qalır?
Son illər müsahibələr informasiya verməkdən çox, sadəcə vaxt dolduran kontentə çevrilib. Eyni suallar, riskdən qaçan yanaşma və dərinliyə getməyən cavablar müsahibəni məna baxımından zəiflədir. Jurnalist soruşur, müsahib cavab verir, amma tamaşaçı və oxucu yeni heç nə öyrənmir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalist Mədinə İlham bildirib ki, müsahibənin gedişatı daha çox müsahibəni alan tərəfdən asılıdır:
“Keyfiyyətli müsahibə sadəcə sual-cavabdan ibarət deyil, böyük prosesdir. Yeni başlayan jurnalistlərin ən çox öyrənmək istədiyi janrdır. Lakin bu nəzəriyyədən daha çox təcrübə tələb edən hissədir. Mən isə bu sahədə hər dəfə daha yaxşı nəticə əldə etmək üçün müsahibəni üç hissəyə ayırıram: pre-müsahibə, müsahibə və post-müsahibə. Pre-müsahibə dövrü hazırlıq mərhələsidir və keyfiyyətli müsahibənin fundamentidir. Bu mərhələdə özümə sual verirəm. "Bu müsahibəni nə üçün alıram?" Burada məqsədim portret yaratmaq, informasiya almaq və ya yanaşmanı öyrənmək ola bilər. Hər bir halda müsahibimi araşdırıram. Bu araşdırmada sadəcə suallarımı hazırlamıram həm də müsahibimin cavablarını təxmin edirəm. Bundan sonrakı mərhələlər asandır. Müsahibə-icra etmək periodunda sadəcə pre-müsahibə dövründə hazırladıqlarımı tətbiq edirəm və özümü jurnalistdən daha çox, izləyicim kimi düşünürəm. Mənim auditoriyam bu müsahibədə, bu anda müsahibimə hansı sualı vermək istəyərdi? Əgər mən bunun cavabını tapa və icra edə bilirəmsə, bu müsahibəmi keyfiyyətli edir. Sonuncu olaraq isə müsahibəni redaktə, korrektə (yazılı) və ya montaj (video) edirəm və bir müddət sonra müsahibəni özüm izləyərək özümə tənqidi yanaşıram. Bu da məni bundan sonrakı müsahibə perioduna hazırlayır və hər müsahibə məni daha peşəkar, müsahibələrimi keyfiyyətli edir”.
Jurnalist onu da vurğulayıb ki, bu gün müsahibələr əsas hədəfindən daha çox PR-a xidmət edir:
“Mənə görə isə uzun cavablar müsahibəni daha dəyərli və ya dərin etmir. Dərin sualların cavabları qısa da ifadə edilə bilər. Hər halda uzun bir mövzunu qısa ifadə etmək hər zaman mümkündür. Amma biz auditoriyamızı nəzərə almlıyıq. Müsahibə elə olmalıdır ki, izləyicidə əlavə sual yaranmasın. Bu barədə ümumiləşdirmə edə bilmərəm. Bu izləyicinin zövqünə görədir. Lakin deyə bilərəm ki, bu gün müsahibələr əsas məqsədindən çıxıb daha çox PR-a xidmət edir”.
Banu Məmmədova
