Mütəxəssisdən gənclərin ölüm səbəbi ilə bağlı həyəcan təbili...
75 yaşlı İrufət Nəsirova ürəyindən şikayətçidir. O, 3 ay əvvəl ürəyindəki ağrılara görə, həkimə müraciət edib. Məlum olub ki, xəstənin damarlarında tıxanma var. Bu səbəbdən də həkimlər dərhal onu əməliyyat ediblər. Yaşı çox olsa da, əməliyyat uğurlu keçib. Hər ay müayinəyə gedir. Deyir ki, belə problemlərlə qarşılaşmamaq üçün sağlam həyat tərzi keçirmək əsas şərtlərdəndir.
Kardioloq Qalib İmanov isə dünyada o cümlədən Azərbaycanda ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəliklərinin üstünlük təşkil etdiyini deyir. Bakı Baş Səhiyyə Mərkəzinin hesabatı da deyilənlərin həqiqət olduğunu təsdiq edir. Çünki təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü məhz bu xəstəliklər səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Əvvəllər 30-35 yaşa qədər olan şəxslər infarktla çox az hallarda həkimə müraciət edərdisə, indi bu yaş həddi 20-yə qədər düşüb. Gənclər ürək xəstəliklərini daha çətin keçirirlər.
Kardioloq deyir ki, ürək və qan-damar xəstəliklərinin bir çox simptomları var. Bunları hiss etdikdə dərhal müayinə olunmaq vacibdir. Qalib İmanovun sözlərinə görə, ürəyin işemik xəstəliklərində irsi və yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir. Kardioloq zərərli vərdişlər, tütün məhsulları və oturaq həyat tərzi ilə ürəyi yormamağı tövsiyə edir. Belə olarsa daha sağlam ömür yaşaya bilərsiniz.
