Mağazalarda qiymət fərqi
Bəzən mağazalarda rəflərdə gördüyümüz rəqəmlə kassadakı qiymət uyğun gəlmir. Qanunvericiliyə əsasən, bu, istehlakçı hüquqlarının pozulmasıdır və qarşılığında cərimələr nəzərdə tutulur. Daha ətraflı...
TİTR: FİDAN MƏMMƏDOVA - MAĞAZA ƏMƏKDAŞI
“Belə hallar qaçınılmazdır. Bəzən satıcının diqqətsizliyi, bəzən də müştərinin diqqətsizliyi üzündən belə hallar baş verir. Əgər kassada qiymət fərqi yaranarsa və endirim etiketinin müddəti bitmiş olarsa, müştərinin istəyinə uyğun olaraq, ya endirimli qiymətə satış edirik, ya da ki endirimli qiymətin məbləğinə başqa məhsulla dəyişirik”.
Alıcılar bu cür vəziyyətlərdə necə davranırlar?
1. Rastlaşmışam, kassada iradımı bildirmişəm. Endirimli qiymətlə həmin məhsulu mənə təqdim ediblər.
2. Belə bir halla rastlaşmışam. Kassaya gəldiyim zamanda endirimli qiymətə təqdim ediblər. Yəni məhsulu endirimli qiymətə almışam.
3. Belə bir hadisə başıma gəlməyib. Əgər qarşılaşsaydım, kassaya iradımı bildirərdim.
Fərq yarandığı təqdirdə, qanunvericilik istehlakçıya hansı hüququ verir və alıcı hansı qiyməti ödəməlidir?
TİTR: AZƏR AĞAYEV ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT AGENTLİYİNİN NÜMAYƏNDƏSİ
“Ödəniş zamanı istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətə ödənişin tələb edilməsi istehlakçı hüquqlarının pozulması, yəni malın hesabına da istehlakçıların aldadılması kimi qiymətləndirilir. İstehlakçı məhsul alarkən vitrin və kassa qiymətləri arasında fərqlə qarşılaşdığı halda mağaza rəhbərliyinə müraciət edə və məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb etmək hüququna malikdir”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, istehlakçıların aldadılmasına görə fiziki şəxslər üçün 350-500, vəzifəli şəxslər üçün 1500-2000, hüquqi şəxslər üçün isə 4000-6000 manat arası cərimə nəzərdə tutulur.
LALƏ QAFAROVA, FARİZ ŞİXƏLİZADƏ, NAİL ŞAHBAZOV, AZTV XƏBƏR