MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL İMTAHANINDA DƏYİŞİKLİKLƏR EDİLDİ
Magistraturaya imtahan verənlər seçdikləri xarici dil üzrə esse də yazmalı olacaqlar. Yeni dəyişiklik növbəti qəbul imtahanında tətbiq olunacaq. Hansı formada və necə? "ARB Xəbər"in araşdırmasında bu suala cavab axtarılıb.
Magistratura səviyyəsinə qəbul imtahanı bir mərhələdə 3 fənn üzrə keçirilir. Məntiq, informatika və xarici dil. DİM-in şöbə müdiri Könül Hacıyevanın sözlərinə görə, növbəti tədris ilindən etibarən bakalavlardan xarici dil imtahanında müvafiq testlərlə yanaşı, müxtəlif mövzularda esse yazmaq da tələb olunacaq. "Namizədlərə esse təqdim olunacaq və onlara seçim imkanı veriləcək ki, təqdim olunmuş iki mövzudan biri üzrə 150-200 söz həcmindəı seçdikləri xarici dildə yazı təqdim edəcəklər. Onlar akademik yazı qaydalarına riayət etməlidirlər, yəni bir yazının müvafiq strukturu olmalıdır, onun söz həcmi olmalıdır, seçilmiş xarici dilin akademik yazı qaydalarına, normalarına uyğun şəkildə təqdim olunmalı, namizəd mövzu ilə bağlı öz mövqeyini bildirməli, yeri gəldikcə mövqeni sübut etmək üçün faktlardan, dəlillərdən istifadə etməlidir. Eyni zamanda öz fikirlərini də əsaslandırmalıdır".
Ekspertlər deyirlər ki, magistratura səviyyəsinə qəbul imtahanında dəyişikliklərin tətbiq olunmasında əsas səbəb imtahanların kurikulum sisteminə uyğunlaşdırılmasıdır. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, həmin şəxslər müvafiq təhsil islahatlarına cavab verirlər, o baxımdan ki, onlar məhz kurikulum əsasında əldə etdikləri bilikləri müvafiq olaraq, istər ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul imtahanında istərsə də artıq magistratura pilləsində mütləq tətbiq etməlidirlər. Eyni zamanda həmin şəxslərin öz dillərini inkişaf etdirmələri baxımıdan bir növ İETS və TOEFL, ümumiyyətlə beynəlxalq dil sertikifatlarının almaları üçün də onlara təkan vermiş ola bilər".
Ekspert onu da əlavə edir ki, dəyişikliklərin hansı nəticəni verəcəyini tətbiq olunduqdan sonra görmək mümkündür. Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanında yazı bacarıqlarının yoxlanılması zamanı qiymətləndirmə meyarları və balların hesablanma qaydası yaxın günlərdə bəlli olacaq.
LAMİYƏ
