00:00:00
Yazar
Zəhra Həsənova
19.05.2026 22:16 50 2 dəq oxuma
Sosial

Magistraturaya təkrar imtahan: Sualların çətinlik dərəcəsi necə tənzimlənəcək?

Magistraturaya təkrar imtahan: Sualların çətinlik dərəcəsi necə tənzimlənəcək?

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində iyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar təşkil olunacaq.

Mövzu ilə bağlı “İnformator.az”a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) 17 may tarixində baş verən fors-major hadisələrdən sonra belə bir addım atması təqdirəlayiqdir:

“Bu, ilk növbədə, təhsildə bərabər imkanların təmin olunması baxımından son dərəcə ədalətli və humanist bir qərardır. İmtahan prosesi təkcə bilik və bacarıqların ölçülməsi deyil, həm də namizədlər üçün bərabər şəraitin yaradılması üzərində qurulmalıdır. Təbiət hadisələri və şəhər infrastrukturunun iflic olması kimi namizədin iradəsindən kənar amillərə görə gənclərin aylarla, bəzən illərlə çəkdiyi əziyyətin sıfırlanması qəbuledilməz idi.
DİM bu qərarla həm gənclərin əməyinə sahib çıxdı, həm də dövlət-vətəndaş münasibətlərində mühüm bir etimad körpüsü yaratdı. Ədalət prinsipi tələb edir ki, heç bir bakalavr subyektiv və kənar amillərə görə rəqabətdən kənarda qalmasın”.

Ekspert qeyd edib ki, beynəlxalq ölçmə və qiymətləndirmə standartlarında da fors-major halların idarə olunması ilə bağlı konkret yanaşmalar mövcuddur:

“Qaydalara görə, əgər kütləvi xarakter daşıyan təbii fəlakət, texnogen qəza və ya digər qarşısıalınmaz maneələr namizədlərin imtahan binasına çatmasına və ya imtahanı normal psixoloji mühitdə verməsinə mane olursa, qiymətləndirmə prosesinin etibarlılığı şübhə altına düşür. Belə hallarda imtahanın dayandırılması və ya iştirak edə bilməyənlər üçün alternativ sessiyanın təşkil edilməsi yeganə peşəkar çıxış yoludur. Burada əsas şərt ondan ibarətdir ki, təkrar imtahanda iştirak edəcək şəxslərdən əlavə ödəniş tələb olunmamalı və onlara təqdim olunan sualların çətinlik dərəcəsi əvvəlki imtahanla tam ekvivalent təşkil etməlidir”.

Əmrah Həsənli təkrar imtahanın ümumi nəticələrə və müsabiqə vəziyyətinə mümkün təsirlərindən danışarkən ən həssas məqamın sualların çətinlik dərəcəsinin tənzimlənməsi olduğunu vurğulayıb:

“İyunun 14-də imtahan verəcək namizədlərin əlavə vaxt qazanması ilk baxışdan onlara üstünlük qazandırırmış kimi görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu gənclər mayın 17-də ciddi psixoloji sarsıntı keçiriblər və hazırda əlavə stress altındadırlar.
DİM-in buradakı əsas peşəkar vəzifəsi fərqli variantlar arasında statistik ekvivalentliyi qorumaqdır. Yəni yeni imtahanın sualları nə mayın 17-dəki imtahandan asan, nə də ondan çətin olmalıdır. Əgər bu balans elmi metodologiya ilə qorunarsa, təkrar imtahan ümumi müsabiqə nəticələrinə mənfi təsir göstərməyəcək, hər iki qrup üçün tam neytral və ədalətli rəqabət mühiti təmin olunacaqdır”.

Reyhan Qulizadə

#magistraturaya #sualların #baki #imtahan:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər