00:00:00
Yazar
Zəhra Həsənova
16.06.2026 22:27 19 3 dəq oxuma
Siyasət

Makron İranın zənginləşdirilmiş uran ehtiyatlarının neytrallaşdırılmasında israr edir

Makron İranın zənginləşdirilmiş uran ehtiyatlarının neytrallaşdırılmasında israr edir

Fransa Prezidenti Emmanuel Macron İranın zənginləşdirilmiş uran ehtiyatlarının neytrallaşdırılmasının vacibliyini vurğulayıb. O, TF1 telekanalına müsahibəsində bildirib ki, bu ehtiyatlar ya ölkədən çıxarılmalı, ya da durulaşdırılaraq International Atomic Energy Agency-nın nəzarətinə verilməlidir.

Makron ABŞ Prezidenti Donald Trumpın İranla razılaşmanın əldə olunması ilə bağlı açıqlamasını şərh edərkən qeyd edib ki, beynəlxalq ictimaiyyət İranın nüvə proqramı ilə bağlı risklərin aradan qaldırılmasını təmin etməlidir.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Makronun İranın nüvə proqramı ilə bağlı ortaya qoyduğu mövqe olduqca iddialı xarakter daşıyır:

 

"Bu yanaşma İrana demək olar ki, heç bir manevr imkanı saxlamır və Tehranın uzun illər ərzində formalaşdırdığı mövqeyə uyğun gəlmir. Buna görə də Fransanın irəli sürdüyü tələblərin İran tərəfindən qəbul olunması ehtimalı çox aşağı, hətta yox səviyyəsindədir.
İran zənginləşdirilmiş uranı özünün milli sərvəti və təhlükəsizliyinin mühüm elementi hesab edir. Rəsmi Tehran bunun hərbi məqsədlər üçün deyil, yalnız dinc nüvə enerjisi proqramı çərçivəsində istifadə ediləcəyini bəyan etsə də, hər halda bu potensialı ölkənin təhlükəsizlik təminatı kimi görür və ondan imtina etmək istəmir. İran zənginləşdirilmiş uranın ölkə daxilində saxlanılmasında israrlıdır. Makronun təklif etdiyi variantlar isə faktiki olaraq İranın əsas tələblərindən birini tamamilə aradan qaldırır və Tehranın həmin variantlardan birini qəbul etməsini nəzərdə tutur. Bu isə İran üçün qəbulolunmaz görünür.
İranın bundan sonrakı mövqeyinin necə olacağını isə zaman göstərəcək.
Makronun bu bəyanatlarının regiondakı siyasi vəziyyətə təsirinə gəldikdə isə, hesab edirəm ki, Fransanın bu iddialı tələblərinin geosiyasi proseslərə praktik təsiri yoxdur. Necə ki, Fransa indiyədək davam edən proseslərin gedişinə ciddi təsir göstərə bilməyib, hazırkı atəşkəs mərhələsində də Parisin mövqeyi həlledici rol oynamır. Burada əsas rol ABŞ-nin tələblərinə, İranın şərtlərinə və Tehranla Vaşinqton arasında aparılan müzakirələrin nəticələrinə məxsusdur. Digər Avropa dövlətlərinin Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyətə təsir imkanları kifayət qədər məhduddur.
Fransa və Böyük Britaniyanın Hörmüz boğazında azad gəmiçiliyin təmin olunması istiqamətində atacağı addımlara gəlincə, burada da əsas aktor ABŞ olacaq. Hörmüz boğazının tam şəkildə açılması yalnız İranla əldə ediləcək razılaşmadan sonra mümkün görünür. Çünki boğazın bağlı qaldığı müddətdə İran öz təsir imkanlarını nümayiş etdirərək proseslərə nəzarət edə bildi. Belə şəraitdə Fransanın və Böyük Britaniyanın ABŞ-dən fərqli olaraq vəziyyəti dəyişəcək addımlar atması real görünmür. Hətta belə addımlar atılsa belə, onların nəticə verməsi ehtimalı aşağıdır. Hörmüz boğazındakı mövcud status-kvonun dəyişməsi əsasən İran və ABŞ arasında əldə olunacaq razılaşmadan asılıdır.
İranın nüvə proqramına münasibətdə Avropa ölkələri ilə ABŞ-nin yanaşmalarının üst-üstə düşməsinə gəlincə, burada tam uyğunluqdan danışmaq mümkün deyil. Avropa dövlətləri nüvə proqramı ilə bağlı problemin hərbi yolla deyil, diplomatik vasitələrlə həll olunmasının tərəfdarıdırlar. Onlar 2015-ci ildə "5+1" formatında İranla imzalanmış nüvə sazişinə də bu məntiqlə dəstək vermişdilər.
ABŞ-də Donald Trampın ilk prezidentlik dövründə Vaşinqton həmin sazişdən çıxsa da, Avropa ölkələri razılaşmadan imtina etmədilər. Bu səbəbdən də Avropa ilə ABŞ arasında müəyyən yanaşma fərqləri qalmaqdadır. Xüsusilə, son hadisələr göstərdi ki, İranın əlində Hörmüz boğazının bağlanması kimi mühüm təsir vasitəsi mövcuddur və bu addım Avropa iqtisadiyyatına da ciddi risklər yarada bilər. Məhz buna görə, Avropa dövlətləri hərbi eskalasiyadan daha çox diplomatik həll yoluna üstünlük verirlər.
Nəticə etibarilə, İranın nüvə proqramı ilə bağlı ABŞ və Avropa ölkələrinin mövqeləri arasında müəyyən yaxınlaşma olsa da, tam üst-üstə düşmə mövcud deyil. Hazırkı atəşkəs müddəti başa çatdıqdan sonra aparılacaq danışıqlar və əldə olunacaq mümkün razılaşmalar bu fərqlərin nə dərəcədə aradan qalxdığını daha aydın şəkildə göstərəcək".

Aişə Mustafayeva

#zənginləşdirilmiş #i̇ranın #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər