Mal ətində bahalaşma: qiymətlər niyə yüksəlir?
Azərbaycanda mal ətinin qiymətinin 25 manata yüksəlməsi son dövrlər istehlakçıların ən çox müzakirə etdiyi mövzulardan birinə çevrilib. Ətin gündəlik qida rasionunda mühüm yer tutması qiymət artımının həm əhalinin xərclərinə, həm də daxili bazardakı vəziyyətə təsirini aktuallaşdırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Arif Nəsirli bildirib ki, hazırkı şəraitdə mal ətinin qiymətinin yaxın vaxtlarda ciddi şəkildə ucuzlaşması üçün əsas görünmür:
"Yem və ot xərclərinin yüksək qalması, mal-qaranın sayının azalması və yerli təklifin zəifləməsi qiymətlər üzərində yuxarı istiqamətli təzyiq yaradır. İdxalın maya dəyərinin artması da bu təzyiqi gücləndirə bilər. Lakin qiymətin bundan sonra da sürətlə artacağını demək üçün bazarda yeni şokların yaranması lazımdır".
İqtisadçı Xalid Kərimli isə qiymət artımının əsas səbəbləri arasında saxlanılan heyvanların sayının azalmasını və buna baxmayaraq ətə tələbatın yüksəlməsini göstərib:
"Son 10 ilin statistikalarına baxanda görəcəyik ki, saxlanılan xırdabuynuzlu heyvanların sayında təqribən 20 faiz azalma var, iribuynuzlu heyvanların sayında da bu azalmanı müşahidə etmək olar, 5-6 faizlik bir azalma var və bu o kontekstdə baş verir ki, əhalinin ət tələbatı 25 faizə qədər yüksəlib. Yəni kəsilən ətin statistikasına baxanda görürük ki, son 10 ildə 25 faizlik artım var.
Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olmamağın da özünün səbəbləri var: boş otlaq sahələrinin azalması və heyvan saxlamanın bahalı bir prosesə çevrilməsi ev təsərrüfatının bu prosesdə rolunu azaltdı. Buda ətin bahalaşmasına gətirib çıxarır.
Əvvəllər ət bazarında Ukraynadan gələn ucuz ətlər mühüm rol oynayırdı. Rusiya-Ukrayna müharibəsi də son illərdə ət bazarında qiymət artımına təsir edən amillərdən biridir. Həm Rusiyada, həm də Ukraynada ətin qiymətləri bahalaşıb, logistika xərcləri də əvvəlki kimi deyil".
Ekspert qiymət artımının heyvandarlıq sahəsinə sahibkarların marağını artıra biləcəyini də qeyd edib:
"Təbii ki, ətin bahalaşmasının müsbət aspekti odur ki, bu sahə sahibkarlar üçün tədricən cəlb edici sahəyə çevrilir. Qiymətlərin artması və fəaliyyətin rentabel olması ona gətirib çıxarır ki, sahibkarlar getdikcə bu sahəyə daha çox maraq göstərəcəklər".
Xalid Kərimli xəstəliklərin də ət bazarına təsir göstərdiyini bildirib:
“Xəstəliklərin təsiri bazara çıxarılan ət təklifinə ciddi mənfi təsir göstərir və qiymətlərin bahalaşmasına səbəb ola bilər. Ölkədə yayılan dabaq xəstəliyinin hansı miqyasda olması və bunun bazara çıxarılan ət təklifinə necə təsir göstərəcəyi qiymətlərin sonrakı gedişatına da təsir edəcək. Burada əsas məsələ ondan ibarətdir ki, bu, qiymət artırıcı amildir. Çünki xəstə heyvanın ətinin bazara çıxarılması mümkün deyil və bu da təklifin azalmasına gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, ət bazarındakı bahalaşma istehlakçı davranışına da təsir göstərir. Belə ki, mal ətinin qiymətinin artması alıcıların toyuq ətinə tələbatını artırıb. Nəticədə toyuq ətinin qiymətində də təxminən 1 manatlıq artım müşahidə olunub.
Ayan Məmmədzadə