Mark Rütte: Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır deyil
Ukraynada müharibənin başa çatması üçün hər iki tərəfin danışıqlara hazır olması lazımıdr, lakin Moskva tərəfindən hələ ki belə bir hazırlıq yoxdur.
"İnformator.az" "Sky News"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl çıxış edərkən bildirib.
Rütte qeyd edib ki, Ukrayna qüvvələri cəbhədə vəziyyəti sabitləşdirməyə və Rusiya qoşunlarının irəliləyişini dayandırmağa nail olub.
Onun sözlərinə görə, Rusiya ordusunun aylıq itkiləri ölü və ağır yaralı olmaqla 30 mindən 35 min nəfərə qədər təşkil edir.
"Bunlar heyrətləndirici rəqəmlərdir, ancaq Rusiya hərbçilərinin ailələri üçün onlar, sözsüz ki, faciəvidir. Lakin Ukrayna bu müharibəni seçməyib və müdafiə olunmağa məcburdur", - NATO-nun baş katibi deyib.
Münaqişənin nizamlanması perspektivlərini şərh edən Rütte "tanqo üçün iki nəfər lazımdır" ifadəsini işlədib.
"Biz bu müharibəyə son qoymaq istəyirik, lakin bunun üçün hər iki tərəfin hazır olması lazımdır. Zelenski dialoqa hazırdır, Putin isə görünür ki, yox", - o bildirib.
Bundan əlavə, NATO rəhbəri Çin, İran və Şimali Koreyanı yenidən Rusiyanı dəstəkləməkdə günahlandırıb.
"Biz çoxdandır görürük ki, Rusiya təkbaşına hərəkət etmir. O, Şimali Koreya, Çin və İran tərəfindən həyati əhəmiyyətli yardım alır. Bu ölkələr bir-biri ilə sıx qarşılıqlı əlaqədədir", - Rütte vurğulayıb.