Marketlərdə ucuz qiymətə təklif olunan məhsullar
Böyük marketlərdə tez-tez müxtəlif endirim kampaniyalar ilə bağlı paylaşımlarla qarşılaşırıq. Məsələn, son günlərdə sosial şəbəkələrdə yayılan bir kampaniyaya görə qab-qazan dəstlərinin qiyməti hər yerdə olduğundan daha ucuz-5.50 azn-ə təklif edilir.
Bu hal bir çox müştərini təəcübləndirib. Onları düşündürən sual budur. Ucuz qiymətə keyfiyyətli məhsul almaq necə mümkündür? Belə məhsulların qiymətinin bu qədər ucuz olması iqtisadi cəhətdən düzgündürmü? İnformator.az sözügedən məsələ ilə bağlı iqtisadçı ekspertlərə müraciət edib.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, Azərbaycanda Tarif Şurası tərəfindən tənzimlənən qiymətlərdən başqa digər qiymətlərə dövlət təsir edə bilməz: "Tarif Şurası yanacaq, kommunaq, müəyyən dərman preparatların qiymətlərini tənzimləyə bilər. Digər sahələrdə dövlətin qarışa biləcəyi 2 məsələ var. Bunlardan biri vergilərin düzgün ödənilməsi, ikincisi isıə stehlakçıların hüquqlarının müdafiəsidir. Yəni başqa bir məhsulun ucuz və ya baha satılmasına dövlətin təsiri yoxdur. Rəqabətli mühit yaratmaq dövlətin borcudur".
Natiq Cəfərli "Qiymətləri bazar tənzimləsin" tezisini də əlavə edib və marketlərdə olan kampaniyalar ilə bağlı fikirlərini saytımızla bölüşüb:
"Məhsulun ucuz və ya baha satılması marketin, mağazanın öz konsepsiyasına aiddir. Bu addımlarının səbəbi ilə bağlı tam fikir demək çətindir, amma dünya praktikasında bəzən belə kampaniyalar keçirilməsinin bəzi səbəbləri olur. Məsələn, şirkətin nağd pul ehtiyacı varsa, əlindəki məhsulları belə kampaniya ilə satır və nağd pul əldə edir və ya bu addımı bir reklam kampaniyası kimi də düşünmək olar. Müştəri məhsulu ucuz alır, bəyənərsə, baha almağa da razı olacaq. Səbəblər müxtəlif ola bilər. Amma burda heç bir qanuna uyğunsuzluq yoxdur".
İqtisadçı ekspert Elçin Rəşidov da bu addımın kampaniya məqsədi ilə ola biləcəyini düşünür: "Mağazalar məhsulu müəyyən bir qiymətə alır, aldığı qiymətə və ya daha ucuzuna satır. Burada məqsəd daha çox müştəri qazanmaqdır. Supermarketlərin belə endirimlər, kampaniyalar etməsi normal haldır və qida məhsulu olmadığına görə, xüsusi tənzimləmələrə ehtiyac yoxdur".
Nəzrin Mirzəyeva
