00:00:00
Yazar
Admin User
19.07.2023 14:32 591 3 dəq oxuma
Sosial

Maşın-maşın cehizi var gəlinimin...

Maşın-maşın cehizi var gəlinimin...

Övladını evləndirmək istəyən hər bir ata-ananın, xüsusilə də, qız valideynlərinin yolu mütləq cehizlik alış-verişindən keçir. Kimi cütlük bunu gərəksiz hesab edir, maddi yük kimi görür, kimiləri də adət-ənənəyə sadiq qalaraq maşın-maşın cehiz aparır. Bəs görəsən, cehizə bu qədər pul xərcləməyə dəyirmi? Ümumiyyətlə, cehiz almaq nə qədər pul tələb edir?

 

Müsahibimiz deyir ki, artıq 3 aydır evlidir: “Evlənməmişdən əvvəl anam başlayırdı cehiz almağa. Yoldaşımla da məsləhətləşdim və qərara gəldik ki, cehiz boş şeydir, maddi yükdür. Bunun yerinə səyahətə çıxmağa, xatirələr toplamağa qərara gəldik. Ona görə əşyalı ev aldıq. Onsuz da işləyirik, hər hansı əşyaya ehtiyacımız olsa özümüz alarıq, yoxsa nəyə gərək cehiz. Biz bu cür daha xoşbəxtik”.

 

Ölkəmizdə belə cütlüklər də var. Amma adət-ənənələrə sadiq qalıb cehiz mütləqdir deyənlər də az deyil. Bəs görəsən cehiz ənənədir yoxsa maddi yük? Paytaxt sakinləri arasında apardığımız qısa sorğu nəticələri gözlədiyimiz kimi oldu. Yaşlı nəsil cehizi mütləq sayır, bu adətin daim yaşadılmalı olduğunu düşünür. Gənc nəslin seçimi isə cehiz almamaqdan, onun xərcinin istirahət, özünüinkişafdan yana istifadə edilməsidir. İndi gəlin, bu fikirlər üzərində dayanaq. Əvvəla, haradan gəlir bu cehiz ənənəsi?

 

Folklorşünas İlhamə Qəsəbova deyir ki, cehiz ananın övlada verdiyi paydır: “Cehiz verilərkən oradakı əşyaların hansı markadan olması, bir nəfər çox apardı, mən ondan daha çox aparım düşüncəsi qətiyyən doğru deyil”.

 

Cehiz mütləqdir deyərək ailə quranlar isə ailənin təməlini cehizlə bərabər kreditlə qoyurlar. Nəzərə alsaq ki, bütün cehizlik əşyaları kreditlə verilir, bu da ailəni bir neçə illik xərcə salır.

 

Sosioloq Üzeyir Şəfiyev hesab edir ki, cehiz günümüzdə ailə problemləri yaradan məsələlərdəndir: “Həqiqətən də valideynlər övladlarının cehizini yığanda kredit götürməli olurlar, illərlə borc içində yaşayırlar. Hətta bəzən uşaqlıqdan qız övladına cehiz yığırlar. Böyüyəndə həmin cehizlik əşyalar köhnəlir, aktuallığını itirir, məcbur başqasını alırlar. Bu özü də artıq xərcdir. Bir də yarış var. Kim kimdən daha baha, göstərişli cehiz aldı. Heç kim ailənin xoşbəxtliyini düşünmür. Ailə hesablanaraq deyil, sevgi üzərində qurulmalıdır”.

 

Cehiz almaqda fikriniz qətidirsə məqalənin ardını da diqqətlə oxuyur. Sizi cehizlik əşyaların qiymətləri ilə tanış edəcəyik. Əlbəttə ki, cehizliyə ən çox pul mebel dəstlərinə xərclənir.

 

MEBEL:

Divan-Kreslo- 800-2000

Yataq- 1000-3000

Qonaq dəsti (stol, stul, qorka, kamod, tv altlığı)- 1200- 10 000

Mətbəx mebeli- 1 metrəsi 200- 600

 

ELEKTRONİKA:

Tozsoran- 90-300

Fen- 20-100

Ütü- 25-150

Çaynik- 15-60

Soba- 90-150

 

DİGƏR:

Pərdə- metrəsi 10-dan başlayır

Dəsmal- 4-25

Yataq dəsti (pakrıval)- 35-260

Süfrə- 20-200

Yastıq- 5-60

Yorğan- 12-80

Divan-kreslo üzü- 60-250 AZN təşkil edir.Amma bunlar yalnız cehizin olmazlarıdır. Yəni, siyahını artırdıqca, keyfiyyəti yüksəltdikcə, çəkəcəyiniz xərc də artır.

 

Xoşbəxt ailənin təməli qarşılıqlı anlayış və hörmətə bağlıdır. Cehiz isə bir xanımın evinin sadəcə bəzəyi ola bilər. Əsas odur, apardığınız əşyalar ailə dəyərlərinizi kölgədə qoymasın...

 

Nəzrin Malik

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər