Mbappe “Atletiko”ya qarşı Superkubok oyununu buraxacaq
“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinalında “Atletiko” ilə oyunda iştirak etməyəcək. Fransalı futbolçu zədə səbəbindən matçı buraxacaq. Qarşılaşma yanvarın 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. Digər yarımfinalda “Barselona” ilə “Atletik” üz-üzə gələcək. Turnirin finalı yanvarın 11-də baş tutacaq.
Mövzu haqqında idman jurnalisti Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Mbappe-nin olmaması komandanın oyununa ciddi təsir göstərə bilər:
"Mbappe-nin yoxluğu komandanın tamamilə ötürməyə əsaslanan futbola yönəlməsinə səbəb olacaq. Eyni zamanda bu, digər cinah futbolçularının hücuma daha çox qatılmasına və yeni oyunçuların ön plana çıxmasına şərait yaradacaq. Hesab edirəm ki, komanda daha çox qısa ötürmələrlə oyun qurmağa çalışacaq".
Ağa Dadaşzadə Mbappe-nin yerini kimin dolduracağı ilə bağlı fikirlərini də bölüşüb:
"Onun yerinə gənc bir oyunçu oynaya bilər, hətta ola bilər ki, bir neçə futbolçu arasında rotasiya ilə bu boşluq doldurulsun. Real Madrid Superkuboku qazanacağına inandığını da bildirib. Real Madrid-i bu turnirdə favorit hesab edirəm və düşünürəm ki, qalib gələcəklər".
Mələk Nəsirli
