MEDİA-dan Yaxın Şərqlə bağlı vacib çağırış: Dezinformasiyaya qarşı yalnız rəsmi mənbələrə istinad edin
Medianın İnkişafı Agentliyi (MEDİA) Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda informasiya mühitində artan dezinformasiya riskləri ilə bağlı media subyektlərinə və ictimaiyyətə çağırış edib. Agentlik bildirib ki, cəmiyyətdə çaşqınlıq və təşviş yarada biləcək məlumat axınının qarşısını almaq üçün jurnalistlər və ictimai fəallar yalnız rəsmi mənbələrə istinad etməli, informasiya manipulyasiyalarına yol verməməli və təsdiqlənməyən paylaşımlardan çəkinməlidirlər.
Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli “İnformator.az”a açıqlamasında qeyd edib ki, xəbərdə doğru olan jurnalistin deyil, mənbənin sözüdür:
“Bunu peşəkarlar üçün nəzərdə tutaraq özümüzə bir şüar seçsək, bir sıra dezinformasiya və qeyri-peşəkar məzmunun qurbanına çevrilmərik. Mənbələr kimlərdir? Onlar hekayədə necə yer alırlar? Hansı mənbələr kənarda qalıb? Bu suallar peşəkar jurnalist qaydası ilə hakimiyyətin cəmiyyət daxilində fəaliyyət arasındakı əlaqəni açmaq üçün çox önəmlidir. Hərbi əməliyyatlar zamanı dezinformasiyanın əsas mexanizmləri bunlardır: Dezinformasiya əsasən köhnə görüntülərin yenidən paylaşılması, məzmundan çıxarılan foto və videolar, anonim sosial media kanalları, bot şəbəkələri və süni intellektlə manipulyasiya olunan məzmun vasitəsilə yayılır. Bu riskləri minimuma endirmək üçün yerli media istifadəçi mənşəli materialları yaymazdan əvvəl çox mənbəli yoxlama aparmalı, rəsmi təsdiq olmayan məlumatları ‘təsdiqlənməyib’ kimi etiketləməlidir. Bu, oxucuların məlumatı şübhə ilə qəbul etməsinə imkan verəcək və informasiyanın düzgünlüyünü artıracaq. Sürətli fakt yoxlama mexanizmləri tətbiq olunmalı, səhv hallarında isə açıq düzəliş siyasəti təmin edilməlidir. Bu yanaşma həm operativliyi qoruyacaq, həm də ictimai təşvişin qarşısını alacaq. Rəsmi mənbələr hər zaman güvənilir sayılır, lakin yalnız onlara bağlı qalmaq konteksti əksik göstərə bilər. Rəsmi açıqlama olmaya bilər, ancaq jurnalist mümkün qədər çox şaxəli, etibarlı mənbələrə müraciət etməlidir. Xəbərin digər tərəflərini göstərmək, insanların necə təsirləndiyini əks etdirmək vacibdir. Hər iki tərəfi və ya hərtərəfli yanaşma təmin olunmalıdır. Sürətli operativlik informasiyanın boş qalmasına gətirib çıxara bilər, bu isə qeyri-peşəkarların və sosial media istifadəçilərinin əsasız xəbərləri yaymasına şərait yaradır. Peşəkarlar ilkin məlumatı ‘dəqiqləşdirilir’ etiketi ilə paylaşmalıdırlar. Bu həm sürətdən geri qalmağa yol vermir, həm də dezinformasiyanın qarşısını alır”.
Ekspert əlavə edib ki, ictimai fəallar yalnız təsdiqlənən və etibarlı mənbələrə istinad etməli, məlumatı paylaşarkən düzgün təqdim etməlidirlər:
“İctimai fəallar rəqəmsal media savadlılığına təşviq etməlidir. Məlumatlı və savadlı cəmiyyət əsasız informasiyanın qurbanı olmayacaq. Yalnız məlumat əskikliyi olduqda sürətlə yayılan dezinformasiya cəmiyyətdə təşviş yaradır. Məsuliyyətli yanaşma isə informasiyanın yayılma riskini azaldır, ictimai təşviş və panikanın qarşısını alır”.
Fatimə Hüseynli