“Media savadlılığının əsas prinsipləri və onların tətbiqi” layihəsi çərçivəsində təlim keçirilib
Təlimin əsas məqsədi gənc jurnalistlərin media savadlılığı sahəsində bilik və bacarıqlarını artırmaq, onların dezinformasiyaya qarşı daha dayanıqlı və peşəkar yanaşma formalaşdırmalarına dəstək olmaqdır.
Təlim zamanı layihənin əhəmiyyəti və qarşıya qoyulan əsas hədəflər barədə də məlumat verilib. Layihə rəhbəri Bəsti Nəsibova qeyd edib ki, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyinin həyata keçirdiyi təşəbbüs Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında reallaşdırılır. 1 may 2026-cı ildən icrasına start verilən layihə çərçivəsində media nümayəndələri və gənclər üçün müxtəlif maarifləndirici tədbirlərin, praktiki təlimlərin və məlumatlandırıcı sessiyaların təşkili nəzərdə tutulur.
Daha sonra çıxış üçün söz Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirovaya verilib. O, media savadlılığının müasir informasiya mühitində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, media savadlılığı yalnız peşəkar jurnalistlər üçün deyil, bütövlükdə cəmiyyət üçün vacib amildir:
“Media nümayəndəsi informasiyanı yalnız əldə edib yaymaqla kifayətlənməməli, onun mənbəyini, məqsədini və cəmiyyətə mümkün təsirlərini də qiymətləndirməyi bacarmalıdır. Müasir texnologiyalar və süni intellekt imkanları vasitəsilə foto və videoların manipulyasiya edilməsi, hadisələrin olduğundan fərqli təqdim olunması mümkündür. Hətta ən kiçik bir hadisə belə müxtəlif proqramlar vasitəsilə daha genişmiqyaslı, emosional və ya yanlış istiqamətdə şişirdilmiş şəkildə təqdim oluna bilər. Bu səbəbdən jurnalistdən təkcə xəbər yazmaq bacarığı yox, eyni zamanda güclü analiz və tənqidi düşüncə qabiliyyəti də tələb olunur”.
Təlim interaktiv şəkildə keçirilib. Sonda gənc jurnalistlərin ünvanladığı suallar cavablandırılıb.