Media və Yayım Şurası yaradılır: Ekspertdən yeni qurumla bağlı ŞƏRH
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.Bəs bu birləşmə qərarı Azərbaycanın müasir media mühitində real olaraq hansı yeniliklərə və transformasiyalara yol açacaq?
Mövzu ilə bağlı "Report" Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, iki qurumun birləşdirilməsi daha çox struktur xarakteri daşıyır və bu addımın media sisteminə köklü bir yenilik gətirəcəyi gözlənilmir:
“İki qurumun birləşdirilməsinin media sisteminə köklü bir yenilik gətirəcəyini düşünmürəm. Sadəcə iki qurum birləşdirilərək bir dövlət orqanına çevriləcək. Tarixə nəzər salsaq, 1993-cü ilə qədər fəaliyyət göstərən Dövlət Mətbuat Komitəsi həmin il Mətbuat və İnformasiya Nazirliyi ilə əvəzlənib, lakin bu nazirlik də 2001-ci ildə ləğv olunub. Sonrakı illərdə media mühitini tənzimləmək üçün (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu( KİVDF), Milli Televiziya və Radio Şurası (MTRŞ), Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şura kimi müxtəlif qurumlar yaradılıb. Hazırda ictimai birlik statuslu Mətbuat Şurası ilə yanaşı, kağız üzərində qalan xeyli jurnalist təşkilatı da var. Hər yeni struktur nəsə dəyişməyə çalışsa da, mətbuat inzibati qərarlarla deyil, texnoloji tərəqqi sayəsində inkişaf edib və jurnalistlər həmişə zamanın ritminə uyğun fəaliyyət göstəriblər”.
Ekspert yeni qurumun yaradılmasının idarəetmə xərclərinin azaldılması və dövlət büdcəsinin daha effektiv idarə olunması baxımından faydalı ola biləcəyini vurğulayıb:
"Son vaxtlar dövlət büdcəsinin daha səmərəli idarə edilməsi istiqamətində müzakirələr gedir. Təhsil və mədəniyyət kimi sferalarda da bənzər yeniliklərin olacağı gözlənilir. Lakin medianın daha faydalı, peşəkar və effektiv çalışması üçün bu sahəyə maliyyə vəsaitlərinin cəlb olunmasını stimullaşdırmaq gərəkdir.Hazırda ölkədə ştatında cəmi 4-5 əməkdaşı olan yüzlərlə sayt var. Onların səmərəli fəaliyyəti üçün daha böyük maliyyə gəlirlərinə ehtiyacı var. Yeni dövlət orqanının yaradılması ilə yanaşı, medianın müstəqil şəkildə daha çox gəlir əldə etməsinə şərait yaradan hüquqi və iqtisadi qanunlar qəbul edilməlidir."