00:00:00
Yazar
Elmira Ağayeva
27.06.2026 14:09 22 4 dəq oxuma
Media

Mediada ən çox təkrarlanan peşəkar yanlışlıqlar

Mediada ən çox təkrarlanan peşəkar yanlışlıqlar

Media cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayır və ictimai rəyin formalaşmasına birbaşa təsir göstərir.Bu baxımdan media fəaliyyəti daim inkişaf edən və məsuliyyət tələb edən sahə kimi diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı media eksperti Nəmənd Rüstəmov “İnformator.az”a açıqlamasında bildirib ki, media geniş anlayışdır:

 

“Bu anlayış altında həm audiovizual media, həm çap mediası, həm də internet və daha çox sosial media platformaları nəzərdə tutulur. Bilirik ki, bu sektorların hər birinin özünəməxsus xüsusiyyətləri var. Bundan əlavə, zamanın tələbləri və medianın sosial mahiyyətindən qaynaqlanan spesifik məqamlar mövcuddur. Məşhur və bəsit bir “qızıl qayda” var: iş həmişə var və iş olan yerdə nöqsanların olması istisnasızdır. Media sektorunun nəzəri və praktik məsələləri ilə məşğul olarkən bir sıra mühüm məqamları sistemləşdirməli oluruq. Zənnimcə, bizim mediasferada müşahidə olunan ən ciddi xətalar media iqtisadiyyatı və menecmenti ilə bağlıdır. Azərbaycanda medianın ən böyük və həlli vacib problemlərindən biri bazar iqtisadiyyatının tələblərinə sona qədər adaptasiya ola bilməmək, media vahidlərinin sağlam mənbələrdən qaynaqlanan iqtisadi müstəqilliyini təmin edə bilməməsidir. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərində qəzeti və sözü şantaj alətinə çevirən, onunla hesablaşmayanları öz qəzetində biabır etməklə hədələyən bir personaj- öz dili ilə desək, “söz və qələm ustası, qəzetlər padşahı” Rza bəy obrazı var. O, pulla hər şeyi yaza bilən saxta jurnalistdir. O, həqiqətləri gizlədə, təhrif edə və bununla istəmədən və ya əksinə, bilərəkdən cəmiyyətə və dövlətə zərər vuracaq qədər təhlükəli tipdir. Təəssüf ki, cəmiyyət olaraq hələ də bu mərəzdən tam qurtula bilməmişik və mediamız zaman-zaman bu şakərin əsirinə çevrilir. Təbii ki, fərqindəyik: hazırda dünyanın bir çox yerində olduğu kimi, bizdə də media bəzi maraq qruplarının əlində silah kimi istifadə olunmağa çalışılır. Amma təəssüf ki, bu heç vaxt tükənməyəcək maraqlar və bitməyəcək xətalar medianın inkişafı üçün ciddi təhdid və əngəl olaraq qalır. Amma anlamalıyıq ki, əslində sağlam media hədəf auditoriyanın-real tamaşaçı, dinləyici və oxucunun maraqlarını xalq və dövlətçilik maraqları ilə sona qədər uzlaşdırmalıdır. Real bazarın tələblərinə uyğunlaşaraq niyyəti aydın olmayan qrup və mərkəzlərdən asılılıqdan yaxa qurtarmağa çalışsaq və bunun üçün sağlam mühit yaradılsa, mediamızın bəzi fundamental problemlərinin həlli mümkün ola bilər. Azad bazar təbii yolla situasiyanı tənzimləməlidir”.


Müsahibin sözlərinə görə, təbii ki, müşahidələrimiz zamanı bir sıra nəzəri-konseptual və strateji məsələlərlə yanaşı, peşəkarlıq səviyyəsi, kreativlik çatışmazlığı və səriştəsizlikdən qaynaqlanan çoxsaylı xətalar da üzə çıxır:

 

“Unutmamalıyıq ki, medianın sağlam mənbələrdən maliyyələşməsi təmin olunmayınca peşəkarlıqla bağlı məsələlər fon təsiri bağışlayacaq və ya ikinci planda qalacaq. Media subyekti və jurnalistika ilə məşğul olanlar bilməlidirlər ki, əgər xalqa və onun dövlətinə həqiqəti demirsənsə, xalq-auditoriya sənə güvənmirsə, artıq uduzursan. Bu situasiyada auditoriyanın inanmadığı informasiyanı hansı peşəkar avadanlıq və metodla çatdırmağın önəmli deyil. Önəmli olan inamı qazanmaq və qorumaqdır. Təkrarlamaq istərdim ki, əsas məsələ media–xalq və media–dövlət əlaqələrinin aydın qurulması, bu maraqların uzlaşdırılmasına nail olmaqdır. Biz barışmalıyıq ki, artıq fərqli formasiyada yaşayırıq. Otuz ildən çoxdur ki, kommunizm və sosializmdən rəsmən imtina etmişik. Müstəqilik, yolumuz azad bazar səmtinədir. Bütün fəaliyyətlərimizdə buna uyğun strategiya və taktiki gedişlər müəyyənləşdirilməlidir. Azərbaycan dilinin saflığını qorumaq hazırda bu, olduqca aktual məsələdir. Bilirik ki, dil canlı orqanizmdir. Medianın dili həm də praktik vasitədir və media dilin təkmilləşməsi, cilalanması üçün ən aydın platformadır. Dilin işləkliyi, incəliyi, gözəlliyi, informativliyi və digər xüsusiyyətləri bədii ədəbiyyatla paralel olaraq media vasitəsilə daha çox təzahür edir. Yəni, hansı platformada yayılmasından asılı olmayaraq, istənilən kontentin istehsalı və yayımı zamanı auditoriyaya onun bildiyi və anladığı dillə xitab etmək vacibdir. Sən neçə dil bilirsənsə bil, səni izləyənlərin dilini səlis bilmirsənsə, uduzacaqsan. Burada müəllifin intellektual səviyyəsi, peşəkarlıq dərəcəsi və dilimizin imkanlarından bacarıqla istifadə etməsi olduqca önəmlidir. Təəssüf ki, hazırda mediamızın ən mühüm problemlərindən biri də öz üslubu olan maraqlı müəlliflərin qıtlığıdır. Bütün yazılar, bütün verilişlər sanki eyni insanlar tərəfindən hazırlanır. Süni intellektin həyatımıza sürətlə nüfuz etdiyi bir dövrdə isə bu, daha böyük təhdidlər vəd edir.Hazırda mediamızda ciddi korrektura və redaktə xətalarına da tez-tez rast gəlinir. Fikri aydın olmayan, verdiyi xəbəri özü də tam anlamayan müəlliflərin hazırladığı və peşəkar redaktor süzgəcindən keçmədən yayımlanan materiallar təbii ki, istehlakçı-oxucu, tamaşaçı və ya dinləyici tərəfindən rəğbət qazanmır. Əksinə, qıcıqla qarşılanır, kinayə və lağ obyektinə çevrilir. Bu isə media orqanının nüfuzuna bərpası demək olar ki, mümkün olmayan zərbə vurur. Fərqinə varmalıyıq ki, auditoriya əslində oyaqdır. O, yaxşı materialı kəşf edir, seçir, sevir və paylaşır. Həmçinin keyfiyyətli məzmunu maraqla gözləyir. Məsələn, Azərbaycan Dövlət Radiosunda uzun illərdir yayımlanan “Bulaq” verilişi var. Həftədə bir dəfə, bazar günü axşam saatlarında efirə gedir. Şəxsən fürsət düşdükcə bu verilişi dinləyir və zövq almağa çalışıram. Verilişi hazırlayanlar dilimizin incəliklərindən və folklorumuzun zəngin nümunələrindən məharətlə, zövqlə istifadə edirlər. Onların özünəməxsus üslubu var.Belə nümunələr, təbii ki, çox ola bilər. Amma təəssüf ki, deyil”.


Mələk Hüseynova

#Media #yanlışlıqlar #jurnalistika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər