"Meditasiya anda qalmağın özüdür" - Ahu Kamranlı
Meditasiya məsləhətçisi Ahu Kamranlı İnformator.az əməkdaşı ilə meditasiya incəliklərini müzakirə edib.
Müsahibimiz bildirir ki, meditasiya tətbiq olunan bir fəaliyyət deyil: "Bu bir var oluş halıdır. Yaşamağın, həyatda, anda qalmağın özüdür. Biz insanıq və bizim müxtəlif hallarımız var. Beynimiz ümumiyyətlə, avto-pilotda yaşamağı sevir. Meditasiya qeyri-adi, mistik bir şey deyil, sadəcə yaşadığın anın fərqində olmaq deməkdir. Meditasiya sözü latınca "meditatio" sözündən gəlmədir. "Dərin düşünmək" mənasını verir".
Ahu Kamranlı meditativ hala keçmək üçün bir çox vasitələrin mövcudluğundan bəhs edib: "Meditatio hala keçmənin 3 əsas vasitəsi var: fokuslanmaq, analiz etmək və mantralar. Konsentrasiya sayəsində nəyəsə fokuslanmağa çalışırıq, şüurun bölünməsində hər hansı bir hadisə haqqında düşünərkən qərəzsiz şəkildə düşünürük. Trassendental isə digərlərinə nisbətən daha asan dərinləşmə növüdür və adətən mantralarla həyata keçirilir".
O bildirib ki, mantraların əsas məqsədi hər hansı bir səsi çıxardan zaman yaranan səs dalğasına fokuslanaraq dərinləşirsən: "Belə bir anlayış da var ki, şifahi düşünən və ya yaddaşı güclü olan insanların mantra ilə fokuslanması daha asan olur. Ancaq vizual yaddaşı güclü olan insanlar isə görüntülər vasitəsilə düşünürlər. Dərinləşəndən sonra yaşayacaqları hisslər isə fərdidir. Məsələn, mən meditasiya edəndə sevinc, həzz duyğusunu yaşamışamsa, növbəti gün isə kədər hiss ilə qarşılaşmışam. Meditasiya ilə hansı sıxlıqla məşğul olmaq lazımdır? Ümumiyyətlə, belə bir qayda yoxdur ki, bunun üçün hər gün məşğul olasan. Bu insanın yaşadığı həyat tərzinə görə dəyişir. Yeni başlayanlara hər gün və ya günaşırı meditasiya etmələri məsləhət görülür. İlk dəfə başlayanda rəhbərli meditasiya ilə başlasalar, daha məsləhətli olar".
Meditasiyanın zərərləri mövcuddurmu? sualını cavablandıran məsləhətçi bildirib ki, mediatasiyanın zərərləri o zaman mövcud ola bilər ki, bütün həyatı boyu fərqindəliyi yaşamayan insan özünün yeni xüsusiyyətlərini kəşf edərkən travmaları ilə də qarşılaşa bilər. Nəticədə, yaranmış qorxu hissləri insanları depresiyaya da sürükləyə bilər.
Fatimə Mustafayeva
