Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşasının nəzərdə tutulduğunu açıqlayıb. Layihənin həyata keçirilməsi paytaxtın nəqliyyat infrastrukturunun inkişafına, yol hərəkətinin rahatlaşdırılmasına və tıxacların azalmasına töhfə verə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, əsas strateji hədəf alternativ bir nəqliyyat dəhlizinin, yəni yeni dairəvi yolun yaradılmasıdır:
“Mehdiabad və ətraf qəsəbələr- Digah, Novxanı və digər yaşayış məntəqələri son illərdə sürətlə məskunlaşaraq paytaxtın iri aqlomerasiya zonasına çevrilib. Hazırda bu istiqamətdən şəhər mərkəzinə daxil olmaq istəyən sürücülər əsasən Binəqədi şosesindən və ya Bakı Dairəvi Yolundan istifadə edirlər ki, bu da xüsusilə, pik saatlarda ciddi nəqliyyat sıxlığı yaradır. Layihənin əsas məqsədlərindən biri nəqliyyat axınının şaxələndirilməsidir. Belə ki, şimal istiqamətindən gələn nəqliyyatın birbaşa Baksol ərazisi vasitəsilə şəhərin əsas paylayıcı magistrallarından olan Ziya Bünyadov prospektinə çıxarılması alternativ və daha qısa tranzit marşrutunun formalaşmasına imkan verəcək. Layihənin reallaşdırılması Bakının yol şəbəkəsindəki yükün azalmasına mühüm töhfə verəcək. Xüsusilə, Binəqədi şosesi, Şamaxinka–20 Yanvar dairəsi istiqaməti, eləcə də Koroğlu metrostansiyası ətrafındakı bəzi nəqliyyat qovşaqlarında sıxlığın azalacağı gözlənilir. Bundan əlavə, Baksol ərazisi anbarların və istehsalat müəssisələrinin cəmləşdiyi mühüm sənaye zonalarından biridir. Yeni yol yük avtomobillərinin və kommersiya nəqliyyatının Ziya Bünyadov prospektinə daha rahat və operativ çıxışını təmin edəcək. Bu isə şəhərdaxili logistikanın səmərəliliyini artıracaq, vaxt itkilərini və nəqliyyat xərclərini azaldacaq. Ümumilikdə, Mehtabad-Baksol–Ziya Bünyadov avtomobil yolunun istifadəyə verilməsi Bakının şimal giriş hissəsində nəqliyyat yüklənməsinin azalmasına və şəhərin yol-nəqliyyat infrastrukturunun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək”.
Cavahir Əsgərbəyli