00:00:00
Yazar
Asiman Vəliyeva
11.03.2026 20:55 27 2 dəq oxuma
Siyasət

Merz: İran müharibəsi üçün ortaq plan görünmür

Merz: İran müharibəsi üçün ortaq plan görünmür

Almaniya kansleri Friedrich Merz ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı narahatlığını ifadə edib. O bildirib ki, tərəflər müəyyən məqsədləri bölüşsələr də, müharibənin necə və nə vaxt sona çatacağı ilə bağlı aydın və ortaq strategiya görünmür. Merzin sözlərinə görə, müharibə uzandıqca suallar daha da artır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, İranla müharibə fikrimcə ayın sonunadək başa çatacaq və mövcud rejimin devrilməsinə səbəb olma ehtimalı azdır:


“Münaqişənin əvvəlində müharibənin əsas məqsədlərindən biri İran rejimini devirmək idi, lakin indi, görünən odur ki İranda hakimiyyət sabit qalır və rejimə qarşı üsyan və ya digər formalarda rejim dəyişikliyi ilə bağlı ssenari ehtimalı az görünür. Əksinə, İran əlində olan rıçaqlardan istifadə edir. İranı faktiki idarə edən SEPAH Hörmüz boğazını ABŞ və müttəfiqləri üçün demək olar ki, bağlayıb. Bunun İranın özünə də böyük iqtisadi ziyan vurmasına və daha böyük təhlükələr yaratmasına baxmayaraq, belə ziyanlar hazırda ölüm-dirim savaşı verən hakim zümrənin gözünə də görünmür. Amma boğazın bağlanması ABŞ müttəfiqləri üçün ciddi iqtisadi çətinliklər yaradacaq və bu dövlətlər Vaşinqtonu müharibəni dayandırmağa məcbur edəcəklər”.

 

Həmçinin ekspert bildirir ki, İrana ilk hava zərbəsi endirilməzdən əvvəl hər kəs Tehrana qarşı müharibənin çox riskli olacağını bildirirdi:


“Rejim təxminən 50 ildir hakimiyyətdədir, böyük, yaxşı təlim keçmiş və sədaqətli orduya malikdir, region üzrə çoxsaylı müttəfiq qüvvələrə və ballistik raketlər ilə pilotsuz uçuş aparatlarından ibarət böyük ehtiyata sahibdir, bunların hamısı regionda və ondan kənarda ciddi dağıntılar törətmək üçün kifayətdir. Hadisələrin gedişi də bunu göstərdi. İsrail və ABŞ qüvvələri ölkə üzrə müxtəlif hədəflərə zərbələr endirdiyi vaxt İran İsrailə, eləcə də qonşu Körfəz ölkələrində yerləşən ABŞ hərbi hədəflərinə hücum edib. Bu ölkələrə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveyt daxildir. Hücumların Kipr, İraq və İordaniyadan da qeydə alındığı bildirilir. Qardaş Türkiyə və Azərbaycanla da xoşagəlməz olaylar yaşanıb. Regiona dəyən iqtisadi zərər çox böyükdür. Neft emalı zavodları fəaliyyətini dayandırıb, dünya üzrə neft daşımalarının 20 faizinin keçdiyi mühüm Hörmüz boğazı faktiki olaraq bağlanıb, Körfəz ölkələrindən evakuasiya uçuşları fasiləsiz həyata keçirilir və insanlar kütləvi şəkildə səfər planlarını ləğv edirlər. Bu münaqişə ABŞ prezidenti Donald Trampın “İranda böyük döyüş əməliyyatları” adlandırdığı mərhələni artıq geridə qoyub. Onun nə ilə nəticələnəcəyi isə hələlik məlum deyil”.


Gövhər Mehyəddinova

#yeni #gündəm #azərbaycan #i̇ran #plan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər