Metodbirləşmə rəhbərlərinin əksəriyyəti işi formal icra edib
Metodbirləşmə rəhbərlərinin fəaliyyətində ciddi problemlər mövcuddur və onların əksəriyyəti üzərlərinə düşən vəzifələri formal şəkildə icra ediblər. Bu fikirləri nazir müşaviri çıxışı zamanı səsləndirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, Nazir müşavirəsində metodik birləşmə rəhbərlərinin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər təhsil idarəçiliyində uzun müddətdir mövcud olan sistemli problemlərə işarədir:
"Metodik birləşmələr məktəbdaxili pedaqoji keyfiyyətin yüksəldilməsində, müəllimlərin peşəkar inkişafında və fənnüzrə metodik dəstəyin təşkilində əsas mexanizmlərdən biri hesab olunur. Bu strukturların fəaliyyətinin formal xarakter daşıması isə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bəzi metodik birləşmə rəhbərləri öz funksiyalarını yalnız sənədləşdirmə və hesabat çərçivəsində icra edir. Fəal metodik iş, dəstək, müəllimlər arasında təcrübə mübadiləsi və innovativ yanaşmalar isə arxa planda qalır. Bu isə metodik birləşmənin mahiyyətini itirməsinə və sadəcə formal idarəetmə vahidinə çevrilməsinə səbəb olur.
Problem yaranmasının əsas səbəbləri:
1.Rəhbərlərin seçilməsində peşəkarlıqdan çox staj və ya subyektiv meyarların üstün tutulması,
2.Fəaliyyətə nəzarət mexanizmlərinin zəifliyi,
3.Motivasiya və məsuliyyət mexanizmlərinin qeyri-effektivliyi,
4.Vəzifələrin dəqiq izah edilməməsi və rəhbərlərin bu vəzifələrə hazırlanmaması.
Nazir müşavirəsində bu məsələnin açıq şəkildə gündəmə gətirilməsi islahatlara ehtiyac olduğunu göstərir.
Təklif olunan əsas istiqamətlər:
1. Struktur islahatları:
-Metodik birləşmələrin statusu və funksiyası yenidən müəyyən edilməlidir.
-Rəhbərlər təkcə staja deyil, pedaqoji nəticələr, metodiki biliklər və liderlik bacarıqlarına əsasən seçilməlidir.
-İllik fəaliyyət planları və ölçülə bilən nəticələr müəyyən edilməlidir.
2. Fəaliyyətin planlaşdırılması və nəticəyə yönəlik iş:
-Tədbirlər deyil, real pedaqoji nəticələr əsas götürülməlidir.
-Dərs müşahidələri, seminarlar, müəllim inkişafı kimi konkret göstəricilər olmalıdır.
3. Nəzarət və monitorinq:
-Məktəbdaxili və xarici nəzarət mexanizmləri tətbiq olunmalıdır.
-Rayon və regional təhsil idarələri tərəfindən mütəmadi monitorinqlər aparılmalıdır.
- Hesabatlıq şəffaf və müqayisə edilə bilən olmalıdır.
4. Məsuliyyət və motivasiya mexanizmləri:
-Effektiv rəhbərlər mükafatlandırılmalı, passivlər isə xəbərdarlıq və ya vəzifədən azad edilmə ilə qarşılaşmalıdır.
-Maddi və qeyri-maddi stimullar tətbiq olunmalıdır (sertifikat, mükafat, karyera imkanları və s.).
5. Peşəkar inkişaf və metodik dəstək:
-Rəhbərlər üçün liderlik, təhlil və müasir təlim metodları üzrə mütəmadi təlimlər təşkil olunmalıdır.
-Elektron resurslar və təcrübə mübadiləsi imkanları yaradılmalıdır.
Nəticə olaraq, bu yanaşmalar metodik birləşmələrin formal strukturdan çıxaraq, təhsildə keyfiyyətin artırılmasına real töhfə verən pedoqoji inkişaf alətinə çevrilməsinə imkan yarada bilər".
Mövzu ilə bağlı açıqlamasında müəllim Arzu Qədirov bildirib ki, metodbirləşmə rəhbərlərinin işi formal şəkildə icra etməsi bizim gündəlik fəaliyyətimizdə ciddi boşluqlar yaradır:
"Metodik iclaslar sadəcə kağız üzərində qalanda real problemlər müzakirə olunmur, dərsdə rastlaşdığımız çətinliklərə praktik həllər tapılmır. Bu da dərslərin keyfiyyətinə təsir edir, yenilikləri tətbiq etməkdə çətinlik yaradır və müəllimin öz üzərində işləməsinə mane olur. Effektiv metodbirləşmə fəaliyyəti olarsa, həm müəllimlərin peşəkar inkişafı güclənər, həm də şagirdlərin bilik səviyyəsində müsbət dəyişikliklər müşahidə olunar".
Aişə Mustafayeva
