Metro təmirinin avtobus şəbəkəsinə təsiri
Bakı metrosunda aparılan təmir işləri sərnişin axınının bir hissəsinin avtobuslara yönəlməsinə səbəb olduğundan, ictimai nəqliyyat şəbəkəsinin gücləndirilməsi zərurəti yaranıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metrodan avtobuslara yönələcək sərnişin sayını hesablamaq o qədər də çətin mexanizm deyil:
“Çünki metropoliten gündəlik olaraq hansı istiqamətlərdə sərnişin axınının daha çox olduğunu müəyyənləşdirə bilir və buna uyğun olaraq orta göstərici çıxarmaq mümkündür. Bu baxımdan, avtobusların sayı da indiki dövr üçün buna uyğun hesablanıb. Ancaq sentyabrın ilk günlərində, xüsusilə ilk həftələrində bu məsələyə yenidən baxılmasına ehtiyac yaranacaq. Çünki dərs ili başlayır və bununla əlaqədar yeni qərarlar qəbul edilməlidir. Təbii ki, sərnişin axını artarsa, yeni avtobusların xətlərə buraxılmasına, yəni ekspress xətlər üzrə əlavə avtobusların cəlb edilməsinə başlanılacaq. Çünki burada tələb-təklif məsələsindən söhbət gedir. Tələbat varsa, onu qarşılamaq lazımdır”.
Ekspertin sözlərinə görə, burada söhbət kütləvi sərnişindaşıma həyata keçirən nəqliyyat növündən gedir:
“Əksinə, avtobusların xətlərə buraxılması digər fərdi nəqliyyat vasitələrinin sayının azalmasına səbəb ola bilər. Amma düşünürəm ki, Azərbaycanda, xüsusilə Bakıda avtobus sayı o qədər də çox deyil ki, digər xətlərdən avtobusları çıxarıb ekspress xətlərə yönləndirsinlər. Buna baxmayaraq, düşünürəm ki, məsələni nəzarətdə saxlamaq və tənzimləmək üçün müəyyən addımlar atıla bilər”.
Selcan Xudiyeva