00:00:00
Yazar
Admin User
28.10.2023 08:31 383 2 dəq oxuma
Sosial

Metroda eskalatorun digər qolu niyə işə salınmır?

Metroda eskalatorun digər qolu niyə işə salınmır?

Ali və ümumi təhsil müəssisələrində tədris ilinin başlaması ilə nəqliyyat vasitələrindəki sıxlıq artıb. Xüsusilə, metroda daha çox sıxlıq müşahidə olunur. Məhz bu məqamda metrodakı eskalatorlardan digərinin işə salınmaması bəzi sərnişinlərdə narazılıq yaradır.

Tələbə Amin Həsənli:

"Düşünürəm ki, eskalatorlardan biri texniki problemlər səbəbindən işləmir. Lakin yenə də metroda eskalatorlarından digərinin işə salınmaması sıxlığa səbəb olur. Və nəticə etibarı ilə gedəcəyin yerə gecikirsən". 

Tələbə Namiq Atamalıyev:

"Hazırki dövrdə insanlar metrodan həddən artıq istifadə edirlər və bu da sıxlığa səbəb olur. Adətən, biz səhər növbəsində oxuduğumuz zaman eskalatorların hər iki qolunu açırdılar. Əslində, o zaman da hər iki eskalator müntəzəm olaraq açılmırdı.

Hazırda günorta növbəsində oxuyuruq və axşam evə qayıdanda daha çox sıxlıq olmağına baxmayaraq, eskalatorun digəri işə salınmır. Səhər növbəsində açılıb, günorta növbəsində digər eskalatorun işə salınmaması ədalətli deyil".

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İnformator.az-a açıqlamasında bildirir ki, eskalatorlardan biri həmişə ehtiyatda saxlanılır:

"Metropoliten üçün birinci dərəcəli vəzifə sərnişinin təhlükəsizliyidir. Ehtiyatda saxladığımız eskalator o səbəbdən var ki, digər eskalator dayananda və yaxud başqa zəruri hallarda dərhal işə salınsın, hər hansı təhlükəsizlik problemi yaşanmasın".

Metropolitenin rəsmisi ötən ilin dekabrında baş verən bir hadisəni misal çəkir. Bildirir ki, "28 may" stansiyasında bir sərnişinin eskalatora müdaxiləsi nəticəsində eskalator dayanıb və ikincisi işə salınıb:

"Təsəvvür edin ki, həmin vaxtda hər iki eskalator işləsəydi, stansiya platformasında sıxlıq kifayət qədər çox olardı və hətta o həddə çatardı ki, təhlükəsizliyi də təmin etmək mümkün olmazdı". 

B. Məmmədov vurğulayır ki, bir eskalator işləyən halda, əgər digəri də işləsə, sıxlıq daha çox olar:

"Hətta qatarlardan düşən sərnişinlər belə stansiyanı tərk edə bilməzlər. Bu isə xaosa və fəsadlara gətirib çıxara bilər". 

B.Məmmədov eskalatorun hər iki qolunun zəruri hallarda işə salına biləcəyini deyir:

"Bəzi hallarda iki eskalator üzüaşağı halda qoşulur. Sıxlığın çox olduğu saatlarda gücləndirilmiş iş rejiminin ən yüksək həddi tətbiq edilir. Və əsas məsələ odur ki, gücləndirilmiş iş rejiminin özünə də gücləndirilmiş nəzarət sistemi tətbiq olunur. Bu, çox diqqət tələb edən prosesdir və xüsusi, zəruri hallarda olur. Ümid edirəm ki, sərnişinlər bu məsələni anlayışla qarşılayarlar. Çünki əsas məsələ sərnişinlərin təhlükəsizliyidir".

Məryəm Abdullazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər