Metroda yeni tətbiq
Artıq metrolarda da gediş haqqını QR kodla ödəyə biləcəyik. Yeni ödəniş üsulunun tətbiqinə bu gündən başlanılıb. Mobil tətbiqin təqdimatı bu ilin iyununda olub, 1 iyul tarixində isə avtobuslarda istifadə edilib.
Yeni üsul kartsız, elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir. Bunun üçün “BakıKart” mobil proqramını “Google Play” və ya “App Store” tətbiqlərindən yükləmək və qeydiyyatdan keçmək lazımdır.
Bu ödəniş üsulundan istifadə etmək üçün mobil telefonun internetə çıxışının olması mütləqdir. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır. Bakı Metropoliteninin rəsmisi deyir ki, tətbiqin istifadəsinə ilkin olaraq bənövşəyi xəttin stansiyalarında başlanılır.
"Bakı Metropoliteni"" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, təxminən bir aylıq texniki məşvərətlər, yoxlamalar, sərnişin məmnuniyyətinin hesablanması və digər məsələlərə xüsusi baxılaraq Bakı Metropoliteni Avtovağzal, Memar Əcəmi, daha sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında da bu sistemin tətbiqinə başlanılacaq: “Telefon hər zaman üstümüzdə olduğundan plastik karta ehtiyac yoxdur, plastik kartı üzərimizdə gəzdirməyə ehtiyac yoxdur. Eyni zamanda plastik karta hansısa ödəmə aparatının terminalına yaxınlaşıb vəsait köçürməyə ehtiyac yoxdur”.
Həmçinin mobil tətbiqdən istifadə edənlər ödəniş tarixçələrini izləmək imkanı da əldə edirlər. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək. Onu da deyək ki, ictimai nəqliyyatda istifadə olunan bu ödəniş üsulu dünyada ilk dəfə Azərbaycanda həyata keçirilir.
Zeynəb
