00:00:00
Yazar
Ayan Sadi
04.09.2026 23:49 68 3 dəq oxuma
Sosial

Meyvə şirələrində şəkər əvəzediciləri: Məhsullar daha sağlamdırmı?

Meyvə şirələrində şəkər əvəzediciləri: Məhsullar daha sağlamdırmı?

 

 

Meyvə şirələrində şəkərin azaldılması və onun əvəzinə şəkər əvəzedicilərindən istifadə edilməsi məhsulun avtomatik olaraq daha sağlam olması demək deyil. Bəs istehlakçı meyvə şirəsi seçərkən nələrə diqqət etməlidir və şəkər əvəzedicilərinin uzunmüddətli istifadəsi nə dərəcədə təhlükəsizdir?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, meyvə şirələrində şəkərin azaldılması məhsulun sağlamlıq baxımından daha faydalı olması anlamına gəlmir.

 

“Əgər şirədə əlavə şəkər çıxarılır və onun əvəzinə süni və ya təbii intensiv şirinləşdiricilər əlavə edilirsə, sadəcə şirinlik verən maddə dəyişmiş olur. Bu, xüsusilə şəkərsiz və ya aşağı kalorili məhsullarda daha çox rast gəlinir. Digər tərəfdən, 100% meyvə şirəsində əlavə şəkər olmasa belə, meyvənin özündə olan təbii şəkərlər kifayət qədər yüksək ola bilər. Şirədə meyvənin lifinin böyük hissəsi olmadığı üçün onun şəkəri bütöv meyvə ilə müqayisədə daha sürətlə qəbul edilir”, – deyə ekspert qeyd edib.

 

Fərid Səfərovun sözlərinə görə, şəkər əvəzedicilərinin təsirini qiymətləndirərkən bütün şirinləşdiricilərə eyni yanaşmaq düzgün deyil.

 

“Onların təsiri maddənin növündən və qəbul edilən miqdardan asılıdır. Təsdiqlənmiş və qəbul edilən gündəlik miqdar hədləri daxilində istifadə olunan şirinləşdiricilər ümumilikdə təhlükəsiz hesab edilir. Lakin onları çox və müntəzəm qəbul etmək sağlam qidalanmanın göstəricisi deyil”, – deyə nutrisioloq bildirib.

 

Ekspert bəzi şəkər spirtlərinin həddindən artıq qəbulunun həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola biləcəyini də vurğulayıb.

 

“Bəzi şəkər spirtləri, məsələn, sorbitol və ksilitol, həddindən artıq qəbul edildikdə köp, qarın ağrısı və ishala səbəb ola bilər. Bəzi qeyri-şəkərli şirinləşdiricilərin isə uzunmüddətli istifadəsi ilə bağlı metabolik sağlamlıq və bağırsaq mikrobiotasına mümkün təsirlər araşdırılır. Bu sahədə bütün suallar hələ tam cavablandırılmayıb”, – deyə Fərid Səfərov əlavə edib.

 

Qida mühəndisi istehlakçılara meyvə şirəsi alarkən yalnız məhsulun üzərindəki “şəkərsiz” və ya “diet” ifadələrinə əsaslanmamağı tövsiyə edib.

 

“İstehlakçı meyvə şirəsi alarkən ilk növbədə “şəkərsiz” yazısına deyil, qida dəyəri cədvəlinə və tərkib siyahısına baxmalıdır. 100 ml-də şəkərin miqdarını yoxlamaq, “əlavə şəkər yoxdur” və “şəkərsiz” ifadələrini bir-birindən fərqləndirmək vacibdir. Eyni zamanda aspartam, asesulfam-K, sukraloza, steviol qlikozidləri, saxarin və digər şirinləşdiricilərin olub-olmadığına diqqət yetirilməlidir”, – deyə ekspert bildirib.

 

Fərid Səfərovun sözlərinə görə, məhsul seçərkən onun kalorisi, meyvə faizi və hansı kateqoriyaya aid olması da nəzərə alınmalıdır.

 

“İstehlakçı məhsulun 100% meyvə şirəsi, nektar və ya şirə tərkibli içki olduğunu müəyyənləşdirməlidir. Bundan əlavə, rəngləndirici, konservant və digər əlavələrin olub-olmadığını yoxlamaq vacibdir”, – deyə nutrisioloq qeyd edib.

 

Ekspertin sözlərinə görə, ən sağlam seçimlərdən biri şirin dadı güclü olan içkiləri gündəlik əsas içkiyə çevirməmək və mümkün qədər bütöv meyvələrə üstünlük verməkdir.

 

“Bütöv meyvə həm lif, həm də daha yaxşı toxluq hissi verir. Yəni məhsulun üzərində “şəkərsiz” və ya “diet” yazılması onu avtomatik olaraq sağlam etmir. Əsas məsələ məhsulun ümumi tərkibi və nə qədər istehlak edilməsidir”, - deyə Fərid Səfərov əlavə edib.

 

Süsən Mərdalıqızı

#sağlamdırmı? #meyvə #daha #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər