Millətlər Liqasında sürpriz nəticələr: Norveç və Portuqaliyadan vacib qələbə
UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib. Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub. Qarşılaşmaların nəticələri turnirdə komandaların mövqeyinə təsir baxımından diqqət çəkib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən idman jurnalisti Kənan Məstəliyev bildirib ki, Norveçin əzmkarlığı və Haalandın fərdi ustalığı, Portuqaliyanın isə güclü heyəti qələbədə əsas rol oynadı:
"Norveç–Danimarka qarşılaşmasında Danimarkanın hesabda 2:0 irəli çıxması komandanın müəyyən qədər arxayınlaşmasına səbəb oldu. Görünür, futbolçular oyunun taleyinin artıq həll olunduğunu düşünürdülər. Lakin Norveç bu fikirdə deyildi. Komandanın heyətində dünya səviyyəli futbolçular var və onlardan biri də Erling Haalanddır. Haalandın oyuna müdaxiləsi və komandanın mübarizəni davam etdirməsi nəticəni dəyişdi. Bu qarşılaşma bir daha göstərdi ki, futbolda hesabdan asılı olmayaraq rəqibi sona qədər ciddi qəbul etmək lazımdır".
İdman jurnalistinin fikrincə, Danimarkanın arxayınlaşması, Uelsin isə Portuqaliyanın oyun səviyyəsi qarşısında üstünlüyünü qoruya bilməməsi məğlubiyyətə təsir göstərdi:
"Danimarkanın məğlubiyyətində əsas məqamlardan biri komandanın 2:0 hesablı üstünlükdən sonra oyuna yanaşmasını dəyişməsi idi. Belə qarşılaşmalarda hesabda irəlidə olmaq hələ qələbənin təmin edilməsi demək deyil. Norveç isə bundan istifadə edərək oyuna geri dönməyi bacardı. Uelsə gəldikdə isə komanda öz meydanında kifayət qədər yaxşı çıxış etdi. Hətta Portuqaliyaya qarşı hesabda üstünlük də qazandı. Lakin rəqibin heyətində Çempionlar Liqasında uğur qazanmış və yüksək səviyyədə çıxış edən futbolçuların olması oyunun gedişinə təsir göstərdi. Buna görə də Uelsin mübarizəsini müsbət qiymətləndirmək olar, amma Portuqaliyanın keyfiyyət fərqi özünü göstərdi".
Sonda Kənan Məstəliyev vurğulayıb ki, Norveç və Portuqaliyanın növbəti mərhələyə yüksəlməsi gözlənilən idi və hər iki komandanın pley-offda da uğurlu çıxış etmək potensialı var:
"Hesab edirəm ki, Norveç və Portuqaliyanın növbəti mərhələyə yüksəlməsini normal qarşılamaq lazımdır. Çünki hər iki komanda öz qrupunda güclü çıxış nümayiş etdirərək liderlik uğrunda mübarizə aparırdı. Norveç xüsusilə Haaland kimi dünya səviyyəli futbolçuların hesabına hücum potensialını ortaya qoyur. Portuqaliya isə geniş və keyfiyyətli heyətə malikdir. Komanda Kriştiano Ronaldonun gələcəkdə milli karyerasını başa vurmasından sonrakı dövr üçün də öz gücünü göstərməyə çalışır. Bu baxımdan hər iki yığmanın Millətlər Liqasının pley-off mərhələsində uğurlu çıxış edəcəyini proqnozlaşdırmaq mümkündür".
Fatimə İbrahimova