00:00:00
Yazar
Admin User
17.03.2016 05:16 786 3 dəq oxuma
Sosial

Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun illik hesabatı

Azərbaycanın qədim tarixini, milli-mədəni irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirmək məqsədilə təsis edilmiş MİMTA Fondu artıq 11 ildir ki, öz fəaliyyətini uğurla davam etdirməkdədir
Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun illik hesabatı

Pərviz Əmirov

MİMTA Fondunun icraçı direktoru

Azərbaycanın qədim tarixini, milli-mədəni irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirmək məqsədilə təsis edilmiş Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondu artıq 11 ildir ki, öz fəaliyyətini uğurla davam etdirməkdədir.

MİMTA Fondunun fəaliyyətindəki əsas məram milli-irsi, mədəni, tarixi dəyərlərimizi tədqiq edib istər ölkəmizdə, istərsə də ölkəmizin sərhədlərindən kənarda tanıtmaqdan, təbliğ etməkdən, bu məqsədlə xarici ölkələrdə Azərbaycanın milli-irsini, mədəniyyətini, dərin köklərə bağlı tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlərin təşkilindən, təhsil, mədəniyyət, səhiyyə və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirməkdən ibarətdir.

Fəaliyyət göstərdiyi öncəki illər kimi, yola saldığımız 2015-ci ili də MİMTA fondunun fəaliyyət səmərəliliyi baxımından uğurlu saymaq olar. Belə ki, illərdir fəaliyyət göstərən “Füyuzat” jurnalının illik növbəti 6 sayı işıq üzü gördü. “Füyuzat” jurnalında redaksiya şurası professor Teymur Əhmədovun rəhbərliyi altında xalq yazıçısı, akademik Mirzə İbrahimovun 100 illik  yubileyi münasibəti ilə nəşr edilən albom-kitabın dəyirmi masa təqdimatı keçirdi.

Həmçinin Fondumuzda “Füyuzat”ın baş redaktoru Teymur Əhmədovun 85 illik yubileyi keçirildi və yubiley ərəfəsində T.Əhmədovun V cildlikdən ibarət “Seçilmiş əsərləri”nin təqdimat mərasimi də geniş şəkildə təşkil olundu.

Bundan başqa 2015-ci ildə “İşıq-qadın” jurnalının da illik 4 sayı nəşr olundu. Qeyd edək ki, Sədaqət Qəhrəmanovanın baş redaktorluğu ilə çıxan jurnalın nəşri artıq 5 ildir ki uğurla davam etməkdədir. 

Məlum olduğu kimi, artır neçə ildir ki, MİMTA Fondunun tərkibində “Tərcümə mərkəzi” fəaliyyət göstərir. Ötən ildən Mərkəzdə Azərbaycanın böyük coğrafiyaşünas alimi Zeynalabdin Şirvaninin müəllifi olduğu  “Bustanun lil-arifin və gülüstanun lil-abidin” əsərinin tərcüməsinə başlanılmışdı. Artıq adıçəkilən əsərin tərcüməsi tamamlanmış və əsər çapa hazırlanmaqdadır.

Bundan əlavə, “Tərcümə mərkəzi” rəhbəri, tədqiqatçı-alim Muxtar Cəfərlinin müəllifliyi ilə “Azərbaycan Elm və İrfan sərdarları” kitabı da işıq üzü gördü. Nəfis şəkildə tərtib edilmiş, ədəbi-bədii oçerklərdən ibarət olan bu kitabda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan, işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan böyüklərindən söz açılır.

Həmçinin Beynəlxalq Mətbuat Mərkəzində Fondumuzun layihəsi əsasında nəşr edilmiş “Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi keçirildi. Tədbirdə tanınmış ictimai xadimlər iştirak etdilər və kitabın Azərbaycan elm və mədəniyyətinə böyük töhfə olduğunu vurğuladılar. Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırıldı.

Fondumuzun dəstəyi ilə Cənubi Azərbaycanın söz ustadlarından şair Bulud Qaraçorlunun (Səhənd) ötən ildən çapa hazırlanan “Dədəmin kitabı” əsəri işıq üzü gördü. Bundan başqa, tanınmış türk yazarı Camal Aydının erməni xəyanətindən bəhs edən və əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı tərəfindən tərcümə olunan “Daşa qazınmış xəyanət” kitabı da Fondumuzun dəstəyi ilə çap edildi.

Bütün bunlarla yanaşı, artıq illərdir Fondumuzda ənənə halını almış, müxtəlif mövzularda keçirilən seminarlar da il ərzində davam etdirilmişdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər