Millimiz Bolqarıstana böyük hesabla uduzub
"İdmançılarımız gənc, yeniyetmə basketbolçulardan təşkil olunub. Heyətin əksər üzvlərinin yaşı 18-dir".
Bu sözləri Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, yalnız təcrübəli oyunçulardan Aleksandra Mollenhauerin adını çəkmək olar:
"Hətta onu heyətdən kənara çıxarsaq, 16 yaş ortalaması var. Bolqarıstan kimi güclü rəqibə qarşı mübarizə aparmaq çətin idi. Əlimizdən gələni etməyə çalışırıq, amma müəyyən reallıqlar da var ki, komanda təcrübəli komandadır. Xüsusən də Kaliya Hillsman adında bir basketbolçu var idi ki, hansı ki, o Bolqarıstanda amerikalı, milliləşdirilmiş mərkəz oyunçudur. Komanda səbətin altında onun qarşısını heç cür dayandıra bilməyib. Hələ oyunu tam oynamayıb, məşqçi ona istirahət verib. Bolqarıstan fiziki cəhətdən güclü komandadır və uzun illərdir bu komanda bir yerdə oynayır. Bir daha qeyd edim ki, yaş məsələsi var, boy məsələsi var. Burada o əzələ qrupunun inkişafı var, hansı ki, oradakı qızların əksəriyyətinin yaşı 20-dən yuxarı, 25-29 yaş ortalamasında idi. Belə yaş ortalamalarında olan bir komandaya qarşı mübarizə aparmaq çətindir".
Müsahibin sözlərinə görə, bizdəki qızların əksəriyyətinin 18 yaşı da olmayıb:
"Qadın basketbolun gələcəyinə gəldikdə isə, Federasiyada yeni nəfəs, yeni başlanğıc hökm sürür. 2022-ci ildə dəyişiklikdən sonra, yeni rəhbərlik Federasiyanın məhz qadın basketboluna xüsusi diqqət ayırıb. İslam Həmrəyliyi Oyunlarında bizim komandamız iştirak edir. "3×3" basketbolda inkişaf göz qabağındadır və biz ilk dəfə olaraq Olimpiya oyunlarında, komanda idman növlərində, Azərbaycan millisi ölkəmizi basketbol, idman növü üzrə təmsil etdiyi üçün tanınırıq. Yəni bunlar hamısı qadın basketbolunun inkişafına hesablanan addımlardır. Biz əlimizdən gələni edirik, seleksiya işləri davam edir. Qızlarla işləyən xüsusi məşqçilərimiz var. Evrim Alkaya qadınlardan ibarət millinin baş məşqçisi türkiyəli mütəxəssisdir və o istənilən yaş qruplarına nəzarət edir. Orada uşaqların hazırlıq mərhələləri ilə tanış olur, məşqlərdə iştirak edir. Özü də milli komandaya gələcək namizədləri seçir. Bir sözlə, qadın basketbolunun gələcəyi növbəti illərdə ən azı beş il vaxt keçməlidir ki, heyətimiz bir-birinə uyğunlaşsın, yaş bir qədər irəliləsin, artsın. Əzələ qrupları inkişaf eləsin, boy artımı olsun və belə deyək də, hardasa Avropa basketboluna uyğun heyətlə oynayaq".
Zəhra Möhübbətova
