Millimiz Fransaya uduzub
“Renat Dadaşovun erkən qolu bizim milli komandanın əslində hücumda oynaya bildiyini göstərib. Əgər istək və həvəs olarsa, qol vurmaq bacarığını, rəqibin kimliyindən asılı olmayaraq istənilən rəqibin qapısına yol tapa biləcəyini göstərib”.
Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, ilk 10–15 dəqiqə ərzində Fransa kimi rəqibi qapısına sıxılmağa məcbur edə bildik:
“Bununla yanaşı, qol da vurduq. Çox gözəl oynadıq. Yəni biz göstərdik ki, futbol oynaya bilirik. İstədiyimiz vaxt da bunu tətbiq edə bilərik. Sonradan artıq hər şey öz yoluna qayıdıb. Gördük ki, bizim hələ ki, belə komandalarla 45–90 dəqiqə başa-baş oynamağımız mümkün deyil. Gələcəkdə olub-olmayacağımızı bilmirəm, amma hazırda biz o səviyyədə deyilik. Fransızlar daha yaxşı komandadırlar, daha yaxşı təşkil olunan heyətə malikdirlər. Bu futbolçular çox daha yaxşı, hətta dünyanın ən nəhəng komandalarında oynayırlar”.
Müsahibimizin sözlərinə görə, Fransa millisi daha səviyyəli, istedadlı, güclü futbolçulardan ibarətdir və ona görə də onlar bir müddətdən sonra öz istəklərinə çata biliblər:
“Müdafiəmizdəki səhvlər də bizimlə rəqib futbolçular arasındakı səviyyə fərqindən irəli gəlir. Yəni gözlənilən idi, daha böyük fərq də ola bilərdi. Həm bir az bəxtimiz gətirib, həm də daha diqqətli oynamağa başlamışıq. Buna görə ikinci hissədə hesab çox da böyüməyib. Bizim Fransaya məğlub olmağımız gözlənilən idi. Məğlub olmağımızda qeyri-adi bir şey yoxdur. Təməl problemləri həll etməliyik: uşaq futbolu, infrastruktur, kadr çatışmazlığı və s. bir çox əksikliklər var. Hansılar ki, biz illərdir dəfələrlə dilə gətiririk. Bunlar həll olunmasa, bizim belə komandalara başa-baş oynamağımız mümkün deyil. Təməl problemləri həll etmək vacibdir”.
Zəhra Möhübbətova
