Millimizdə yeni baş məşqçi
"Goran Sabliç dünyanın aparıcı su polosu məktəblərindən biri olan Xorvatiyada karyerasına başlayıb və 30 ildən çox müddətdə 10-dan çox ölkədə çalışaraq zəngin beynəlxalq təcrübə qazanıb. Bu təcrübə sayəsində komandaya ən müasir məşq metodologiyaları və dünya səviyyəli taktiki biliklər gətiriləcək. O, idmançılarımızın peşəkarlıq səviyyəsini və beynəlxalq arenada rəqabətə davamlılığını artırmağa fokuslanacaq".
Bu sözləri ASF-nin İdman şöbəsinin meneceri Mehdi Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu komandanın dinamik inkişafı üçün güclü zəmin və daha yaxşı beynəlxalq nəticələr əldə etməyimizə şərait yaradacaq:
"Qeyd etmək istərdim ki, Q.Sabliç buraya yalnız məşqçi kimi deyil, həm də su polosu sahəsi üzrə geniş beynəlxalq təcrübəyə malik və çalışdığı ölkələrdə bu idman növü üzrə dayanıqlı sistem yaradan bir mütəxəssis kimi gəlib. Bu isə bizim üçün ən vacib məqsədlərdən biridir. Güclü milli komandaların formalaşması üçün güclü bünövrənin olması zəruridir. Buraya həm klubların lisenziyalaşdırılması, həm məşqçilər və hakimlərin sertifikatlaşdırılması kimi məsələlər aiddir. Nəzərə almaq lazımdır ki, sovet dönəmindən fərqli olaraq, müstəqilliyimiz bərpa olunandan sonra su polosu növündə vəziyyət bir o qədər də ürək açan deyil. G.Sabliç kimi geniş təcrübəyə malik bir mütəxəssisin cəlb edilməsi vəziyyətin düzəlməsi və bu növün inkişafı üçün güclü təkan verəcək.
Su polosu kimi az tanınan bir idman növünə dünya səviyyəli mütəxəssisin gətirilməsi, Federasiyanın bu sahəyə ciddi diqqət ayırmasının göstəricisidir. Bu addım idman ictimaiyyəti üçün, həmçinin gənc idmançılar və onların valideynləri üçün güclü motivasiya mənbəyidir. Yüksək səviyyəli kadrın cəlb edilməsi su polosunu daha çox insanın diqqətinə gətirəcək və uşaqların bu idman növünə axınını təmin edə bilər. Nəticədə, bu təyinat Azərbaycanın idman potensialının şaxələnməsinə və beynəlxalq arenada yeni istiqamətlərdə inkişafına töhfə verəcək".
Zəhra Möhübbətova
