00:00:00
Yazar
Zeynəb Yunuszadə
28.04.2026 21:23 17 2 dəq oxuma
İdman

Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Mingəçevirdə baş tutan tədbirdə bir sıra rəsmi şəxslər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Mingəçevir şəhər icra başçısı İlham İsmayılov yarışın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb: "Hər birinizi salamlayıram. Bu gün möhtəşəm idman yarışının açılışına toplanmışıq. Yarışa qatılan bütün idmançılara təşəkkür edir, onlara uğurlar arzulayıram. Bu gün böyük idman tədbirinə şahidlik edirik. Ötən gün Sərsəng su anbarında yarışlar start götürdü və mətbuat vasitəsilə möhtəşəm çıxışlara şahidlik etdik. Əminəm ki, yarış həyəcanı sabah da eyni qaydada davam edəcək".

 

Ardınca Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov turnirin vacibliyini və idmanın cəmiyyət üçün önəmini qeyd edib: "Yarışın vacibliyi böyükdür, idman sağlamlıqdır. İnanırıq ki, maraqlı mübarizələrə şahidlik edəcəyik. İnanırıq ki, bu gün Azərbaycanda yetişən idmançılar gələcəkdə ölkəmizin bayrağını ucalara qaldıracaqlar. Qoy güclülər qalib gəlsin".

 

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev isə çıxışında bu cür turnirlərin yeni istedadların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.

 

Daha sonra ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Ardınca tədbir bədii proqramla davam edib.

 

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

 

Xatırladaq ki, turnirə ötən gün Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.

#xəbər #azərbaycan #yeni #"prezident #turnirinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər