Minimum əməkhaqqı nə vaxt artırıla bilər?
Azərbaycanda minimum əməkhaqqının yenidən artırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, efirlerde bir çox fikirler qeyd edirler ki, minimum əmək haqqına təzyiq yaranmır:
“Amma əslində birbaşa təzyiq yaranır. Ümumiyyətlə, bu, bütün əmək haqlarına və gəlirlərə təsir edir. O cümlədən minimum əmək haqqına da. Qiymətlər artdıqca minimum maaşın real alıcılıq qabiliyyəti azalır. Amma minimum əmək haqqı əsasən inflyasiyadan yox, ölkənin iqtisadi inkişafından asılı olur. İqtisadi inkişaf olmayan yerdə, necə ki hazırda ölkədə iqtisadi tənəzzül dövrüdür, təbii ki, minimum əmək haqqını artırmaq çətin olur. Yəni bunun iqtisadi əsasları yaranmır. Buna görə hökumətlər minimum əmək haqqını daha çox iqtisadi inkişaf göstəricilərinə əsasən müəyyənləşdirirlər. Bizdə isə sosial müavinətlər, yaşayış minimumu və digər ödənişlər inflyasiya ilə daha birbaşa bağlıdır. Məsələn, uşaqlar üçün yaşayış minimumu, böyüklər üçün yaşayış minimumu və s. bunlar qiymət artımından daha çox təsirlənirlər. 2026-cı ildə minimum əmək haqqının yenidən artırılması ehtimalı var. Amma hazırda bununla bağlı rəsmi qərara rast gəlməmişəm. İnflyasiya baş verir, eyni zamanda iqtisadi durğunluq da var. Belə bir şəraitdə minimum əmək haqqının artırılması daha çox siyasi qərar ola bilər istəsələr, artırarlar”.
İqtisadçının sözlərinə görə,dövlət sektorundakı maaşlara da minimum əmək haqqı dolayı yolla təsir edir:
“Çünki vahid tarif cədvəli deyilən sistem var. Orada ən aşağı pillə minimum əmək haqqı ilə başlayır və digər pillələr də ona uyğun hesablanır. Amma yaxınlarda yadınızdadırsa, dövlət qurumlarında yüksək vəzifələrin maaşları ciddi şəkildə artırıldı. Bu isə göstərir ki, hər zaman minimum əmək haqqı ilə birbaşa əlaqə olmur. Yəni maaş artımları ayrıca qərarlar, sərəncamlar və tarif dəyişiklikləri ilə də müəyyən edilir”.
Selcan Xudiyeva