MİQ-də 5 mindən çox namizəd müsahibə mərhələsinə keçib
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 5 mindən çox namizəd müsahibə mərhələsinə buraxılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, vakansiya seçimi mərhələsi bir neçə mərhələdə həyata keçirilir. Bu yanaşma vakant yerlərin daha dayanıqlı şəkildə tutulmasına və müəllimlərin çalışdıqları məktəblərə uzunmüddətli uyğunlaşmasına xidmət edir.
Onun sözlərinə görə, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü qiymətləndiriləcək.
Qeyd edək ki, müsabiqə üzrə test imtahanında 32 175 nəfər iştirak edib, 18 930 namizəd vakansiya seçimindən keçib. Müsahibədə uğur qazanan namizədlər seçdikləri məktəbdə müddətsiz əmək müqaviləsi ilə işə başlayacaqlar.
Müsahibənin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər müsahibə mövzuları ilə miq.edu.az saytı vasitəsilə tanış ola bilərlər.
Elmira Ağayeva, Emin Əhmədzadə — AZTV Xəbər