MİQ imtahanının müddəti artırıldı: Vakant yerindən imtina edənlərə məhdudiyyətlər tətbiq olunacaq
Sabahdan müəllimlərin işə qəbul imtahanı başlayır. Bu il imtahan prosesində dəyişikliklər olub. Mühüm dəyişikliklərdən biri imtahan müddətidir. Vakant yerlərin sayı da məlumdur.
Müəllimlərin işə qəbulu üzrə hər il kifayət qədər şəxs qeydiyyatdan keçir. Müxtəlif mərhələlər üzrə baş tutan prosesin test imtahan mərhələsində bu il müəllimlərə 120 dəqiqə yox, 150 dəqiqə vaxt veriləcək. Vaxtın uzadılması imtahan suallarının çətinliyini artırmayacaq deyilir.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyir ki, elə bir namizəd ola bilər ki, vaxt azlığına görə öz bacarığını kifayət qədər göstərə bilməsin, amma indi müddət artırıldığı üçün bu imkan onun bütün bacarığını üzə çıxarmağa kömək edəcək: “Məzmun tam olduğu kimi qalır, keçən ilkindən fərqli deyil, bunu namizədlər gözəl bilirlər. Həmçinin çətinlik səviyyəsi də ötən illə eynidir”.
Hər il paytaxt və mərkəzə yaxın ərazilərdə çalışmaq istəyən müəllimlər arasında ciddi rəqabət gedir. Təhsil nazirliyinin nümayəndəsi qeyd edir ki, son illər regionlarda işləmək istəyən müəllimlərin sayında artım müşahidə olunur: “Buna səbəb isə həmin müəllimlərə güzəştlərin tətbiq olunmasıdır. Regionlardakı vakant yerləri doldurmaq və bu ərazilərdə təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərə müəyyən kompensasiyalar ödənilir. Buna baxmayaraq tədris ilinin başlamasına az qalmış tutduları yerlərdən imtina edən şəxslər də az olmur. Bu isə problemsiz ötüşmür”.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayilbəyli deyir ki, son anda vakansiyadan imtina kifayət qədər çətinlik yaradır: “Əgər həmin vakant yer digər bir namizəd üçün müddətsiz daimi əsaslarla bir iş yeri yaradırdısa, bu namizədin bənzər bir imtinası həmin vakant yerinin tutulmaması ilə nəticələnir. Bu, bir məktəbdə olan kadr ehtiyacının həmin müddətdə ödənməməsi deməkdir”.
Məktəblərdə kadr qıtlığının yaranmaması və vakant yerlərin boş qalmaması üçün son anda imtina edən müəllimlərə qadağalar tətbiq olunacaq.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirir ki, namizəd lazımi qədər bal toplmasa da həmin tədris ilində növbəti vakant yerinə təyinatına imkan yaradılmayacaq: “Yəni bir namizəd imtina edirsə, o, artıq həmin tədris ilində ona təklif olunacaq növbəti vakansiyadan da imtina etmiş olur. Yəni biz sistem olaraq onlara növbəti vakant yeri təklif etməyəcəyik”.
Vakansiya seçimində iştirak üçün keçid balı test imtahanının nəticələrindən sonra məlum olacaq. Vakansiya seçimində ilk növbədə şəhid ailələrinə şərait yaradılacaq. Namizədlərin 8 müxtəlif yer seçmək imkanı olacaq. Bu il üçün hazırda 9 mindən çox vakant yer ayrılıb. Bu sayın artacağı gözlənilir.
