MİQ-lə bağlı iddia: Azərbaycan dili və ədəbiyyatı müəllimləri çox, vakansiya isə azdır
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşsa da, müəllimlər hələ də MİQ imtahanları ilə bağlı müəyyən problemlərdən şikayətlənirlər. İddialara əsasən bu problemlər həm onların vəziyyətinə, həm də imtahan nəticələrinə təsir göstərib. Maraqlıdır, bu problemlərin baş verməsinin əsas səbəbləri nələrdir?
İnformator.az saytı olaraq MİQ imtahanlarında iştirak etmiş müəllimlərdən biri həmsöhbət olduq. Kənd məktəblərinin birində fəaliyyət göstərən Şəlalə Nuriyeva imtahanların çətinlik səviyyəsinin 2021-ci ildən sonra artmağa başladığını deyir. Bildirir ki, MİQ imtahanlarında 2019-dan bu yana 4 dəfə iştirak edib. İmtahanların çətinlik səviyyəsi isə 2021-ci ildən sonra artıb. “Əvvəllər vaxt məhdudiyyəti yaşayırdıq. Sonradan zamanla bərabər sualların çətinlik səviyyəsi də artdı. Nəticədə, eyni proses davam etməyə başladı. Vaxt məsələsi heç bir zaman məni qane etməyib” deyən müsahibim əsas səbəb kimi sualların vaxt aparan olmasını, variant çıxarılması çətin olan sualların çoxluğunu göstərir. Şəlalə Nuriyevanın sözlərinə görə, sualların bu cür qoyulmasının səbəbi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sayının çox, vakansiyaların isə azlığıdır. Müsahibim Azərbaycan dili dərsliklərinin MİQ imtahanına hazırlaşmaq üçün yararsız olduğunu da bildirir. Çünki orada MİQ sual tiplərini əhatə edəcək məlumatlar yoxdur. Bunun üçün müxtəlif qayda kitablardan istifadə olunur. Ədəbiyyat fənnindən isə dərsliklər müəyyən qədər işə yarayır. Kurrikuluma gəlincə, Şəlalə Nuriyeva deyir ki, hər il yeni çıxan test və kitablara xeyli pul ödəyib. Nazirliyin təklif etdiyi vahid vəsait hələ də mövcud deyil. Hər kəs bir qayda olaraq, TAİM kursunun kitablarından yararlanır. Ancaq nazirlik həmin vəsaiti imtahanlar üçün konkret vəsait kimi nəzərdə tutmayıb.
Qeyd edək ki, Təhsil İnstitutunun nəzdində İnsan Resurslarının məlumatına əsasən, iyulun 11-dən 15-dək davam edən imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.
İmtahanlara riyaziyyat, fiziki tərbiyə, kimya, tarix, coğrafiya, informatika, fizika, fransız dili, ibtidai sinif müəllimliyi, musiqi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), ingilis dili, təsviri incəsənət, texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə, ümumilikdə 57 min 667 namizəd dəvət olunub. Onlardan 47 min 586 namizəd test imtahanlarında iştirak edib.
İmtahanda namizədlərə 150 dəqiqə vaxt ayrılıb. Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Xatırladaq ki, son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfər işə qəbul olunub.
Fatimə Mustafayeva
