Miqrant uşaqlar Quba soyqırımı memorial kompleksində olublar
14.06.2026-cı il tarixində “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Miqrant Uşaqların Cəmiyyətimizə İnteqrasiyasına Dəstək” layihəsi çərçivəsində bir qrup miqrant uşaqlar və onların valideynləri üçün Quba rayonuna maarifləndirici və mədəni-tarixi tur təşkil edilib.
"İnformator.az" xəbər verir ki, turun əsas məqsədi miqrant uşaqların Azərbaycanın tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə, həmçinin vətənimizin tarixi həqiqətləri barədə məlumatlandırılmasına dəstək göstərmək olub.
Səfərdə layihənin rəhbəri Fatma Məmmədova da iştirak etmiş, tədbirin təşkilati işlərinə nəzarət edib, iştirakçı uşaqlarla görüşərək layihənin məqsəd və vəzifələri barədə məlumat verib, onların səfər ərzində fəal iştirakını təşviq edib.
İştirakçılar Quba rayonuna çatdıqdan sonra ilk olaraq Quba Soyqırımı Memorial Kompleksinin ərazisində yerləşən istirahət məkanında uşaqlar üçün asudə vaxt təşkil edilib. Burada uşaqlar üçün çay süfrəsi açılmış, onlar həm istirahət etmiş, həm də bir-birləri ilə ünsiyyət quraraq xoş vaxt keçiriblər.
Daha sonra iştirakçılar Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyaya cəlb olunublar. Kompleksdə peşəkar bələdçi tərəfindən uşaqlara 1918-ci il hadisələri, soyqırımı qurbanlarının xatirəsinə yaradılmış memorial kompleks və burada aparılmış tədqiqatlar barədə ətraflı məlumat verilib. Azərbaycan dilini kifayət qədər bilməyən uşaqların məlumatları tam və düzgün mənimsəmələri məqsədilə tərcüməçi Gülyaz Əsgərova tərəfindən bələdçinin təqdim etdiyi məlumatlar tərcümə olunub.
Ekskursiya zamanı uşaqlar kompleksdə nümayiş etdirilən fotoşəkillər, sənədlər və ekspozisiyalarla yaxından tanış olub, Azərbaycanın tarixi keçmişi barədə ətraflı məlumat əldə ediblər. Ziyarət iştirakçılarda böyük maraq və dərin təəssürat yaratmış, onlar gördükləri eksponatlar və eşitdikləri məlumatlar barədə öz fikirlərini bölüşüblər. Layihə rəhbəri Fatma Məmmədova da uşaqlarla birlikdə ekskursiyada iştirak etmiş, onların suallarını cavablandırmış və tarixi irsimizin öyrənilməsinin əhəmiyyəti barədə fikirlərini bölünüb.
Memorial kompleksə ziyarətdən sonra uşaqlar səfər zamanı əldə etdikləri təəssüratları, öyrəndikləri yeni məlumatları və ekskursiya ilə bağlı düşüncələrini bir-biri ilə paylaşıblar. Bu müzakirələr onların həm tarixi mövzulara marağının artırılmasına, həm də qarşılıqlı ünsiyyət və sosiallaşma bacarıqlarının inkişafına müsbət təsir göstərib.
Tur proqramı başa çatdıqdan sonra iştirakçılar təhlükəsiz şəkildə Bakı şəhərinə qayıdıblar.
Quba rayonuna təşkil olunan bu maarifləndirici səfər miqrant uşaqların Azərbaycan tarixini daha yaxından tanımalarına, milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin artırılmasına və cəmiyyətə inteqrasiya prosesinin dəstəklənməsinə mühüm töhfə verib. Layihə çərçivəsində keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Fatma Məmmədovanın səfərdə iştirakı isə uşaqlarla birbaşa ünsiyyətin qurulmasına, onların fikir və təəssüratlarının dinlənilməsinə, eləcə də layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin daha səmərəli təşkil olunmasına əlavə töhfə verib. Bu baxımdan tur layihənin məqsədlərinə uyğun şəkildə uğurla icra edilib və öz qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edib.