Miqrant uşaqlar üçün növbəti Azərbaycan dili kursu təşkil olunub
2026-cı il iyunun 2-də Miqrant Uşaqlara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində miqrant uşaqlar üçün növbəti Azərbaycan dili kursu təşkil olunub.
Tədbirin əsas məqsədi miqrant uşaqların Azərbaycan cəmiyyətinə inteqrasiyasına dəstək göstərmək, onların dövlət dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək, həmçinin milli-mədəni dəyərlərimizlə daha yaxından tanış olmalarına şərait yaratmaq olub.
Kursda layihə rəhbəri Fatma Məmmədova və təlimçi Cülyaz Əsgərova iştirak edərək uşaqlarla müxtəlif mövzularda interaktiv məşğələlər keçiriblər. Təlim zamanı iştirakçılara Azərbaycan dilində gündəlik ünsiyyət qaydaları, danışıq vərdişlərinin formalaşdırılması, söz ehtiyatının artırılması və cəmiyyətə uyğunlaşma prosesində dil biliklərinin əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə ümumilikdə 10 nəfər miqrant uşaq iştirak edib. Uşaqlar müxtəlif praktik tapşırıqlar və müzakirələr vasitəsilə Azərbaycan dilində danışmaq, fikir mübadiləsi aparmaq və ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Kurs çərçivəsində iştirakçılara Azərbaycanın ərazisi və regionları haqqında məlumatları özündə əks etdirən kitablar paylanılıb. Eyni zamanda yazıçı Reyhan Yusifqızının müəllifi olduğu “Zümrüd” hekayəsi uşaqlara oxunub və əsər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı hekayənin əsas süjet xətti, əsərdə əks olunan mənəvi dəyərlər, qəhrəmanlıq ideyası və personajların davranışları təhlil edilib. Uşaqlar əsər barədə öz fikirlərini bölüşərək qəhrəmanlıq, dostluq, mərhəmət və məsuliyyət kimi anlayışlar ətrafında fikir mübadiləsi aparıblar.
Layihə çərçivəsində keçirilən bu cür kursların əsas məqsədi miqrant uşaqların dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların sosial inteqrasiyasına, təhsil imkanlarının genişlənməsinə və Azərbaycan cəmiyyətinə daha fəal şəkildə qoşulmalarına dəstək verməkdir.
Miqrant Uşaqlara Dəstək İctimai Birliyi layihə çərçivəsində gələcək dövrdə də miqrant uşaqlar üçün müxtəlif maarifləndirici və inteqrasiya yönümlü tədbirlərin keçirilməsini nəzərdə tutur.