Miqrant Uşaqlara Dəstək İctimai Birliyi növbəti tədbirini keçirib
Miqrant Uşaqlara Dəstək İctimai Birliyi vasitəsilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində miqrant uşaqlar üçün növbəti Azərbaycan dili kursu təşkil olunub. Tədbir 26 may 2026-cı il tarixində baş tutub və kursda 10 nəfər miqrant uşaq iştirak edib.
28 May – Müstəqillik Gününə həsr olunan tədbirin əsas məqsədi miqrant uşaqların Azərbaycan cəmiyyətinə inteqrasiyasına dəstək göstərmək, onların Azərbaycan dili biliklərini inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizlə daha yaxından tanış olmalarını təmin etmək, eyni zamanda uşaqlar arasında dostluq, həmrəylik və sosial ünsiyyət bacarıqlarını gücləndirmək olub.

Tədbirdə layihə rəhbəri Fatma Məmmədova və təlimçi Cülyaz Əsgərova iştirak ediblər. Azərbaycan dili üzrə təlimləri birbaşa Cülyaz Əsgərova həyata keçirib. Təlim zamanı uşaqlarla fərdi və qrup şəklində çalışmalar aparılıb, onların Azərbaycan dilində danışıq və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif interaktiv metodlardan istifadə olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Kurs iştirakçıları Dövlət Himnini birlikdə oxuyaraq ölkəmizin müstəqilliyinə, dövlət rəmzlərinə və milli dəyərlərinə hörmətlərini ifadə ediblər. Uşaqlara 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə məlumat verilib, Azərbaycanın Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyü xüsusi vurğulanıb.
Azərbaycan dili kursu zamanı uşaqlara gündəlik danışıq qaydaları, özünü təqdimetmə formaları, Azərbaycan dilində düzgün tələffüz və sadə ünsiyyət bacarıqları öyrədilib. Tədris prosesi uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə təşkil olunub və onların dərslərdə fəal iştirakı təmin edilib. Təlimlər zamanı uşaqlar Azərbaycan dili ilə yanaşı, ölkəmizin milli-mədəni dəyərləri barədə də məlumatlandırılıblar.

Tədbirin maraqlı hissələrindən biri də 28 May Respublika Gününə həsr olunan rəsm məşğələsi olub. Uşaqlara mövzu ilə bağlı müxtəlif yaradıcı tapşırıqlar təqdim olunub və onların vətənpərvərlik ruhunda düşüncələrini rəsmlər vasitəsilə ifadə etmələri üçün şərait yaradılıb. Bunun üçün iştirakçılara suluboya, rəngli karandaşlar, qələmlər, albom vərəqləri və digər ləvazimatlar paylanılıb.
Uşaqların çəkdiyi rəsmlərdə əsasən Azərbaycan bayrağı, dövlət rəmzləri, vətən sevgisi, sülh, dostluq və müstəqillik mövzuları əks olunub. Yaradıcılığı və fəallığı ilə seçilən bəzi uşaqlar tədbirdə xüsusi olaraq fərqləndirilib və onların hazırladıqları işləri iştirakçılar maraqla qarşılayıb.

Tədbir çərçivəsində uşaqlarla maarifləndirici söhbətlər də aparılıb, onların Azərbaycan cəmiyyətinə daha sürətli uyğunlaşmasının vacibliyi qeyd olunub. Bildirilib ki, bu kimi layihələr miqrant uşaqların həm təhsil imkanlarının genişlənməsinə, həm də sosial mühitə inteqrasiyasına mühüm töhfə verir.
Sonda layihə iştirakçıları vurğulayıb ki, gələcəkdə də miqrant uşaqlar üçün Azərbaycan dili kurslarının, maarifləndirici və sosial inteqrasiya yönümlü tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
