Mirzoyan: İrəvan Bakı ilə əməkdaşlıq qurmaq istəyir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, regiondakı gərginlik fonunda Azərbaycanla sülh artıq etibarlılığını göstərib. İrəvanın məqsədi uzunmüddətli sülhü qorumaq və Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, belə mesajların verilməsi regionda yeni mərhələnin mümkünlüyünə işarə edir:
“Qarşılıqlı faydalı əməkdaşlıq ilk növbədə iqtisadi və kommunikasiya sahələrində özünü göstərə bilər. Xüsusilə, nəqliyyat dəhlizlərinin açılması, sərhəd ticarətinin formalaşdırılması və enerji-logistika layihələrində əməkdaşlıq hər iki ölkəyə real dividendlər vəd edir. Orta Dəhliz çərçivəsində əlaqələrin genişlənməsi, regional tranzit imkanlarının artırılması və infrastrukturun birgə istifadəsi iqtisadi rasional seçim kimi görünür. Ermənistanın enerji təhlükəsizliyi məsələsində alternativ marşrutlara və mənbələrə ehtiyacı var və bu kontekstdə Azərbaycanla dolayısı və ya birbaşa enerji əməkdaşlığı da onun xeyrinə ola bilər. Elektrik enerjisi mübadiləsi, regional enerji şəbəkələrinin inteqrasiyası və hətta gələcəkdə yaşıl enerji layihələrində iştirak kimi istiqamətlər uzunmüddətli perspektivdə qarşılıqlı fayda yarada bilər. Bütün bu əməkdaşlıq formatları birbaşa Ermənistanın inkişafına yönələn dividendlərdir. Sülhün qorunması üçün əsas addımlar hüquqi və institusional zəminin möhkəmləndirilməsi ilə bağlıdır. Sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistan konstitusiyasına düzəlişlər, sülh sazişinin imzalanması bu prosesin təməl sütunlarıdır. Paralel olaraq, birbaşa dialoq mexanizmlərinin möhkəmləndirilməsi sabitliyin davamlılığını təmin edə bilər”.
Mələk Hüseynova