Misli Premyer Liqasında IX tur yekunlaşıb
Misli Premyer Liqasının IX turu başa çatıb. “Qəbələ” doğma meydanda “Neftçi”yə 0:2 hesabı ilə uduzub. Qonaqların yeni transferi Vensan Abubakar bir qol və bir asistlə fərqlənib. “Azersun Arena”da keçirilən digər oyunda “Qarabağ” və “Şamaxı” heç-heçə (0:0) oynayıb. Turnir cədvəlinə 18 xalla “Turan Tovuz” liderlik edir, bir oyunu az olan “Qarabağ” isə 17 xalla ikinci pillədədir. Bombardirlər siyahısına 6 qolla “Araz-Naxçıvan”ın forvardı Ba-Muaka Simakala başçılıq edir.
Mövzu haqqında idman mütəxəssisi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Abubakar hələ ki, tam formada deyil,kluba uyğunlaşması üçün vaxt lazımdır:
"Futbolçu formaya düşdükcə, komandanı avrokubok zonasına aparacaq gücdə futbolçudur. Bununla yanaşı, "Qarabağ"ın xal itirməsi çox normal haldır, bunun xüsusi bir səbəbi yoxdur. Sadəcə, "Qarabağ"ın "Atletic" ilə oyundan sonra həm fiziki,həm də mənəvi cəhətdən yorğunluğu çox olduğu üçün "Şamaxı" ilə oyunda lazımi formada çıxış edə bilməyib xal itiriblər. Təbii ki, bundan sonra da,xal itkiləri olacaq,lakin "Qarabağ" xüsusi bir eniş yaşamır. "Turan Tovuz"a gəldikdə isə futbol matçlarını keçirdikləri meydançanın təbii ot örtüyü yenilənməsi səbəbilə 9 oyunu evdə deyil,səfərdə keçirməli olub. Həm məsafənin çox uzaq olması, həm azarkeşlərin yetərincə dəstək ola bilməməsi komanda üçün olduqca çətin vəziyyətdir. Lakin komanda səfərdə oynamaqlarına baxmayaraq liderliyini qoruyur. Komandanın yaxşı temp yığdığı,heyətin və ehtiyat qüvvənin düzgün qurulduğu düşünülür. Komandanın eyni tempdə oyunlara davam edəcəyi halda ilin sonunda,uzun müddətdir gözlədiyi avrokuboklara vəsiqəni əldə edəcəyi güman edilir".
Nazim Xeyrxəbərli
