Məişət zorakılığı halları niyə artır?
"Azyaşlı uşaqlara zorakılıq hallarının artmasını biz sadəcə indi müşahidə edirik. Yəni, artıb deyirik, amma bilmirik ki, əvvəl nə qədər idi, indi nə qədər oldu. Ola bilər ki, bu hallar əvvəldən baş tutub, lakin indi bilinir. Çünki zəmanə inkişaf edir, indi hər kəsin əlində bir telefon var, sosial şəbəkələr fəaliyyətdədir. Sosial şəbəkələrdə kim nəyi görsə, çəkir, işıqlandırır. Nəticədə isə bizə elə gəlir ki, bu hallar indi daha çoxalıb”.
Bu sözləri informator.az-a açıqlamasında psixoloq Bahar Bəylərova söyləyib. Psixoloq deyir ki, bizlər çox rahat tərzdə məsuliyyətləri öz üstümüzdən atan insanlarıq.
“Biz öz məsuliyyətsizliyimizi və səhvlərimizi sosial şəbəkənin, çevrənin, televiziyanın üstünə ata bilirik. Uşaq hələ cəmiyyətə çıxmadan, onun şiddətə meyilliliyi, yaxud əksinə, meyili olmamağı məsələsi artıq müəyyən qədər bilinir. Uşaq əgər aqressiyasını idarə edə bilməyən valideynlərin himayəsindədirsə, təbii ki, gələcəkdə şiddətə meyl edən birisi olacaq. Amma, onun mayasında, yəni, ilk yaşlarından şiddətlə heç bir əlaqəsi olmayıbsa, o, gələcəkdə belə şiddət göstərən biri olmayacaq. Məsələn, ana hamiləliyində aqressiya keçiribsə, yaxud şiddət görübsə, onun bətnindəki övladın da gələcəkdə şiddət göstərmə faizi digərlərinə nisbətdə daha çoxdur”.
Bahar Bəylərova bildirib ki, bir sıra zəif uşaqlarda empatiya hissi daha az müşahidə edilir.
“Hansı ki, bu zəif uşaqlar, balacalıqdan döyülən, sevgi hissini dadmayan, valideyni ilə normal münasibətdə ola bilməyənlərdir. Empatiya hissi tam formalaşmayan insan daim şiddətə meylli olur. Çünki, o, şiddət göstərir, amma hiss etmir ki, bu qarşısındakını incidə bilər. Yəni, bu beyində baş verən bir prosesdir. Bu cür hallar hələ körpəlikdən yaranmağa başlayır”.
Psixoloq eyni zamanda deyir ki, "bu gün şiddət nümayiş etdirilir ki, uşaqlar da şiddətə meyilli olurlar" və yaxudda "indiki insanlar şiddətə meyillidirlər" kimi fikirlərdə bir əlaqə görmürəm.
"Mən əlaqəni orda görürəm ki, ailədə şiddət varsa, uşaq da şiddətə meylli olacaq. Bəzən olur deyirlər ki, “bax, bu uşaq balacalığında döyülüb, amma indi özü heç kimi vurmur, incitmir”. Bunun səbəbi də odur ki, insan sadəcə münbit mühitə düşməyib ki, o indi şiddətə meyilli deyil."
Müsahibin sözlərinə görə, bir insanın içində toxum varsa, o ancaq münbit torpağa düşəndə cücərir.
"Yəni o insanın düşdüyü mühit, sosial çevrəsi əgər daha savadlı, mülayim, hümanist faktorları özündə birləşdirən cəmiyyətdirsə, onun içindəki şiddət tərəfini üzə çıxartmaya bilər. Amma insan emosiyalarının ən pik, affekt halında o şiddəti göstərəcək. Yəni, biz affekt halımızda kimiksə, əslində də oyuq”.
Psixoloq qeyd edir ki, pedofili halı psixiatrik problemdir.
"Heç kim istəyərək pedofili olmur. Düşünürəm ki, həmin insanlar müalicə olmalıdır. Burada kimisə günahlandırmaq düzgün deyil. Sadəcə hər kəs ətrafına qarşı çox duyarlı və həssas olmalıdır ki, bu kimi halların baş verdiyi təqdirdə psixoloqa müraciət olunsun, müalicə olunsun”.
Bahar Bəylərova əlavə edir ki, cinsi yönəlimlərdə beyindəki hormonların fərqliliyi müşahidə olunur.
"Yəni heç kim bunu etməyi özü seçmir, bu bir seçim deyil. Ona görə əsasən mən deyərdim ki, məsələ yenə düzgün qurulmayan ailə sturukturundan qaynaqlanır”.
Aynur Babayeva
