Əmək pensiyaları ilə bağlı yeni qərar imzalanıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarına edilən son dəyişikliklər əmək pensiyalarının yenidən hesablanması mexanizmini daha da dəqiqləşdirib. Xüsusilə işləyən və işləməyən pensiyaçılar üçün kapitala əsasən hesablamanın yeni qaydaları, eləcə də qulluq stajına görə əlavələrin ödənişi sahədə həm sosial, həm də iqtisadi baxımdan mühüm yeniliklər doğurub.
Mövzu ilə bağlı “ İnformator.az”a müsahibəsində iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki, ilk növbədə mahiyyət ondan ibarətdir ki, hazırda sosial sığorta kapitalı sistemi mövcuddur və indi pensiyaların hesablanmasında əsasən həmin prinsipə daha çox əməl edilir:
"Yəni pensiyanın formalaşmasında toplanmış fərdi kapitalın rolu əvvəlki illərlə müqayisədə xeyli artıb və bu da sistemin təməl elementinə çevrilib. Əgər pensiya yaşına çatmış şəxs əmək fəaliyyətini davam etdirirsə, o həm sosial sığorta haqqı ödəməyə davam edir, çünki hələ də işləyir və əmək fəaliyyəti bitməyib, həm də bu ödənişlər hesabına özünün gələcək pensiya ödənişləri üçün əlavə fərdi kapital toplamaqda davam edir. Bu isə nəticədə onun yeni dövr üzrə pensiya məbləğində artım yaranmasına səbəb olur. Burada həm qulluq stajı faktoru önəmlidir, həm də fərdi kapital mexanizmləri mühim rol oynayır.Dəqiqləşdirilmiş yeni qaydalar insanların qeyri-rəsmi şəkildə işləməyə marağını da azaldır. Çünki rəsmi gəlir artdıqca fərdi sosial sığorta kapitalı artır, sosial sığorta kapitalı artdıqca isə pensiya məbləği də yüksəlir. Yəni insan nə qədər rəsmi və stabil gəlir əldə edirsə, onun toplanan kapitalı bir o qədər çox olur və bu da birbaşa olaraq pensiyanın yüksəlməsinə təsir göstərir. Bu baxımdan vətəndaş həm sosial müdafiə ödənişlərini davam etdirir, həm də öz kapitalını artırmış olur və bu onun üçün əlavə motivasiya yaradır.İşləyən pensiyaçı sosial sığorta haqqı ödəməyə davam etdiyi üçün onun fərdi kapitalı ilbəil artır və bu artım müəyyən dövrlərdən bir yenidən hesablama aparılmasına səbəb olur. Yenidən hesablama baş verdikdə pensiya kapitalı nəzərə alınaraq aylıq pensiya məbləği yenidən müəyyən edilir və nəticədə pensiya artımı yaranır. Bu, sığorta kapital sisteminin yaratdığı mühüm üstünlükdür və həmin şəxs bu üstünlükdən faktiki olaraq faydalanmış olur. Yəni sistem ona işlədikcə daha yüksək pensiya qazanmaq imkanı verir. Amma bunun müəyyən riskləri də var və bu risklər daha çox fərqli sosial vəziyyətə malik pensiyaçılar üçün keçərlidir. Məsələn, işləmək istəməyən və ya fiziki imkanı olmayan pensiyaçılar üçün bu sistem sərfəli deyil, çünki onlar əlavə kapital toplaya bilmirlər. Eyni zamanda yalnız rəsmi işləyən pensiyaçılar üçün sərfəlidir. Məsələn, qeyri-rəsmi gəliri olan şəxslər üçün bu model heç bir əlavə üstünlük yaratmır, çünki onların sosial sığorta kapitalına əlavə vəsait daxil olmur. Beləliklə, işləyən pensiyaçı ilə işləməyən pensiyaçı arasında fərq getdikcə artmış olur.Digər tərəfdən yenidən hesablamalar nəticəsində pensiya məbləğinin artması dövlət üçün müəyyən maliyyə yükü yaradır, amma bununla paralel olaraq işləyən pensiyaçı sosial sığorta fonduna ödəniş etdiyi üçün Fondun da gəlirləri artır. Fond nə qədər çox gəlir əldə edirsə, bir o qədər dövlət büdcəsindən subsidiya tələbi azalır. Çünki Sosial Sığorta Fondu hazırda özünü tam maliyyələşdirmir və dövlət büdcəsindən subsidiyalaşır. Fond özünü nə qədər çox maliyyələşdirə bilirsə, o qədər də dövlət büdcəsindən alacağı yardım azalır. Bu baxımdan Fondun maliyyə vəziyyəti yaxşılaşdıqca dövlət büdcəsinə düşən yük də azalır və bu da ümumi maliyyə dayanıqlığına müsbət təsir göstərir".
Ədilə Hüseynzadə
