İri obyektlərdə yanğın riski: təhlükəsizlik standartları niyə vacibdir?
Paytaxt ərazisində baş verən yanğın hadisələri son dövrlərdə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə, yaşayış və sənaye zonalarında qeydə alınan yanğınlar həm maddi zərərlə, həm də insanların həyatı üçün yaratdığı risklərlə diqqət çəkir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, Lökbatan qəsəbəsində baş verən son hadisə bir daha göstərir ki, iri miqyaslı ticarət və logistika mərkəzlərində yanğın təhlükəsizliyi məsələsi dövlətin və ictimai təhlükəsizliyin qorunması baxımından ən prioritet mövzulardan biridir:
“Əsas məqsədimiz yalnız baş verən yanğının söndürülməsi deyil, müasir mühəndislik və nəzarət mexanizmləri vasitəsilə ümumilikdə yanğın hadisələrinin başvermə ehtimalını minimuma endirmək olmalıdır.
Bunun üçün ilk növbədə, iri obyektlərdə elektrik təsərrüfatının ümumi yoxlanışı aparılmalıdır. Naqillərin izolyasiyası və yüklənmə dərəcəsi dövlət standartlarına tam uyğunlaşdırılmalıdır. Anbarlarda malların saxlanılması qaydalara uyğun təşkil edilməlidir. Hər bir bölmə arasında yanğına minimum iki saat davam gətirən arakəsmələr quraşdırılmalıdır ki, lokal qığılcım bütün binaya sirayət etməsin.
Eyni zamanda, insan amilindən asılılığı minimuma endirən rəqəmsal erkən xəbərdarlıq sistemlərinin tətbiqi genişləndirilməlidir. Bu sistemlər tüstünü ilk saniyələrdə aşkarlayaraq həm avtomatik söndürmə qurğularını işə salmalı, həm də siqnalı dərhal mərkəzi dispetçer məntəqəsinə ötürməlidir.
Obyektlər daxilində yanğın keçidlərinin və təxliyə yollarının hər an açıq saxlanılması məcburi və mütləq xarakter daşımalıdır. Sığorta mexanizmi də burada preventiv rol oynayır. Sığorta şirkətləri yalnız yanğın təhlükəsizliyi standartlarına cavab verən obyektləri sığortalamalıdır ki, bu da sahibkarlar üçün əlavə stimul və nəzarət mexanizmi yaratsın. Yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən obyektlərin sığortalanmasından isə imtina edilməlidir. Sahibkarlar ildə bir dəfə keçirilən yoxlamalarla kifayətlənməməli, normalara daim ciddi şəkildə əməl etməlidirlər. Obyektlərdə çalışan şəxslərin yanğın zamanı davranış qaydaları üzrə mütəmadi təlimatlandırılması və texniki avadanlıqların hər an işlək vəziyyətdə saxlanılması da tam şəkildə təmin olunmalıdır”.
Səadət Əlizadə