Məktəbli formalarının rəngi niyə dəyişdirilir?
Avqust ayı gəlib çatdı. Məktəblilərin yay tətilinin yarısı geridə qaldı. 1 ay 15 gündən sonra təhsil ocaqları açılacaq. Sentyabrdakı ilk 15 günün də məktəbə hazırlıq təlaşı ilə keçəcəyini nəzərə alsaq, tətilin son ayıdır, deyə bilərik. Hazırlıq prosesində ən vacib məqam məktəbli formasının alınmasıdır. Ötən ilin sentyabrında hansı vəziyyətin yaşandığını valideynlər çətin unuda. Üstəlik, bu il yuxarı siniflər də vahid geyimdə olmalıdır. Yəni, dükanlarda alıcı sayı daha çox olacaq. Amma bu il istehsalına daha tez başlanıldığından artıq bir aydır ki, formalar satışdadır.
Ötən ildən fərqli olaraq bu il valileynlər məktəbli forması sarıdan korluq çəkməyəcəklər. Vahid məktəbli formasının hazırlanması ilə məşğul olan Bakı Tikiş Evindən (BTE) deyilir ki, hələ avqustun ilk günü olmasına baxmayaraq artıq kifayət qədər məktəbli forması hazırlanıb. Son bir həftədə isə alıcıların sayında artım var. BTE-nin direktoru Etibar Əzimovun sözlərinə görə, müəssisə təxminən 300 minə yaxın forma istehsal edəcək: “Ondan başqa 5-6 müəssisə də var. Keçən ildən boz və mavi rəngdə olan forma daha çox satılırdı. Həm göy ağla, həm mavi bozla. Bunlar yaxşı satılır. Üçüncü rəngi də biz bu il istehsal etdik. Qəhvəyi rəng, açıq qəhvəyi, tünd qəhvəyi ağ köynəklə. O da indi məktəblər özləri seçim edir. Ona görə o bizdən asılı olan deyil”.
Elm və Təhsil Nazirliyi rəng seçimini məktəblərin öz ixtiyarına buraxıb. Məktəblər isə hələ indi-indi qərarını verir. Məktəblərdən seçimini edənlər də var, etməyənlər də. Bu cür yubanma ötənilki sıxlığın yaranmasına gətirib çıxara bilər. Digər problem ötən il seçdiyi rəngi bu il dəyişən məktəblərlə bağlıdır. Həmin təhsil müəssisələrində valideynlər yenidən forma almağa məcbur edilir.
Valideynlər 2024-cü ildə direktorların yeni rəng həvəsinə düşməyəcəklərinə ümid edirlər. Nazirlik isə "bu məsələlərdə biz yoxuq" deyir.
Zeynəb
