Məktəbli ölümlərinin səbəbi - stress, yoxsa qidalanma?
Son vaxtlar məktəblilərin ölümünün tez-tez şahidi oluruq. Bəs, bu hal nə ilə bağlıdır? Əsas səbəb nədir? Stress yoxsa qidalanma? İnformator.az məsələ ilə bağlı araşdırma edib.
Həkim Adil Qeybulla deyir ki, azyaşlıların kütləvi ölümünün baş verdiyini düşünmür. Onun fikrinə görə, sosial medianın inkişafı, hadisələrin ictimailəşdirilməsi bu halları daha da üzə çıxarır:
"Amma məktəblilərin, yeniyetmələrin ölümü ciddi haldır və hər biri xüsusi şəkildə araşdırılmalı, sonra ümumiləşdirilməlidir. Əgər hər hansı bir səbəb varsa, bunun qarşısı alınmalıdır. Məktəblilər arasındakı xəstəliklərə isə son zamanlar yayılan virusu, pandemiyanı aid edə bilərik. Bundan əlavə isə məktəblilərin düzgün qidalanmaması, tez-tez ziyanlı içkilərdən istifadə etməsi də bir səbəbdir".
Adil Qeybulla qeyd edir ki, bu faktorlar nəzərə alınmalı və ölüm hallarının səbəbləri müəyyənləşdirilib, araşdırılmalıdır.
Psixoloq Aygün Ağabalayeva isə qeyd edir ki, Stress adlı xəstəlik mövcud olmasa da, bəzi xəstəliklərin yaranma səbəbi stresdir. Stressi yaradan isə insanın hadisəyə yanaşma formasıdır:
"Düşünürəm ki, məktəblilər arasındakı xəstəliyin səbəbi genetik faktorlarla yanaşı, dərslərin daha çox olması, şagirdlərin məktəbdən sonra repetitor yanına getməsi əlavə asudə vaxtlarının olmaması, yuxusuzluq səbəb olur. Təbii ki, bu hal onların beyin sisteminə də mənfi təsir edir. Uşaqların stress səbəbi sadəcə dərslər yox, ailədəki problemlər də ola bilər. Valideyn-övlad münasibəti, müəllim-şagird münasibəti də uşaq psixologiyası üçün önəmli faktorlardır. Bəzən uşaqlar məktəbdə bullinqə məruz qalsa da, valideyn və ya müəllim bundan xəbərsiz olur, bu da mənfi təsirə, xoşagəlməz hallara səbəb olur. Valideyn övladına qarşı daha diqqətli, qayğılı olarsa, övladının həm psixoloji, həm də fiziki dəyişikliklərindən daha tez xəbərdar olur və vaxtında müdaxilə edir. Həmçinin əgər müəllim, məktəb psixoloqu uşaqlarda dəyişiklik hiss edərsə, bununla bağlı valideyni xəbərdar etməlidir".
Psixoloq düşünür ki, məktəblilər arasında bu halın artmasının başqa bir səbəbi də gün ərzində düzgün qidalanmamaq, enerji içkilərindən istifadədir.
Nəzrin Mirzəyeva
