Məktəblərdə ingilis dilinin tədrisi praktiki cəhətdən DİM proqramına uyğunlaşdırılmalıdır
"Hazırda bədən tərbiyə və ya musiqi kimi fənlər ingilis dilindən çox tədris edilmir. Mən düşünürəm ki, bir qisim valideynlərin bu barədə gileylənməsi əsassızdır. Çünki musiqi, bədən tərbiyə kimi fənlər həftədə 1-2 dəfə keçirilirsə, ingilis dili dərsləri həftədə 3-4 dəfə tədris olunur".
Bunu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Ramin Nuralıyev söyləyib. Ekspert deyir ki, hazırda məktəblərdə ingilis dili fənni 5-ci siniflərə həftədə 2 saat, 6,7,8,9-cu siniflərə 3 saat, 10-11-ci siniflərə isə 4 saat tədris edilir.
"Bu proqram, əslində, kifayət edir. Ümumilikdə götürəndə ingilis dilinin (yaxud hər hansı xarici dil) keçirilməsində əsas məsələ proqramın nə dərəcədə qəbul proqramına uyğun olmasıdır. Yəni Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda düşən suallar, sualların tərtibatı, dinləmə, yazma və sairəyə uyğun şəkildə ingilis dili tədris edilirmi? Xeyr, tədris edilmir. Əsas məsələ budur. Səbəbi odur ki, orta məktəblərin əksəriyyətində dinləmə cihazları ya yoxdur, ya da lazımi səviyyədə deyil. Məhz bu səbəbdən orta məktəblərdə ingilis dilindən qrammatikaya üstünlük verilir. Əsas məsələ də odur ki, bunlar təkmilləşdirilsin. Dərs saatları kifayət qədərdir. Lakin ingilis dilinin tədris olunma forması Dövlət İmtahan Mərkəzinin qəbul proqramına tam uyğunlaşdırılsa, da, praktiki olaraq elə deyil. Bəzi məktəblərdə, xüsusilə, rayon məktəblərində şagirdlər çox çətinlik çəkirlər. Məhz buna görə abituriyentlər məcbur olub repetitor yanına gedirlər və proqrama uyğun şəkildə dərs ala bilirlər. Yəni əgər bunun üzərində işlənilərsə, məktəblərdə ingilis dili DİM-in proqramına uyğun formada, praktiki olaraq tədris edilərsə, bu, kifayət edər".
Məryəm Abdullazadə
