Məktəblərin qarşısında sıxlıq
Bu gün təhsil ocaqlarında ikinci dərs günü idi. Bilik günü ötən həftənin cümə gününə təsadüf etdiyindən bir çox valideyn uşağını bu gündən məktəbə gətirmişdi. Odur ki, həmin günə nisbətən bu gün məktəblərin qarşısında daha çox sıxlıq yaşanırdı.
Məktəblərin qarşısındakı sıxlıq səhər saatları ilə yanaşı, günorta saatlarında da müşahidə olunurdu. Övladlarını birinci və ikinci növbə dərsə gətirən valideynlərin əksəriyyətinin avtomobillərini məktəbin qarşısında park etməsi hətta piyadalar üçün də çətinlik yaradırdı.
Paytaxtın 167 nömrəli orta məktəbinin qarşısında müşahidə apardıq. Öz övladlarını məktəbdən öz avtomobilləri ilə gələn valideynlər burada böyük bir sıxlıq yaratmışdılar. Hətta piyada keçidinin üzərində də maşınlar saxlayanlar oldu.
53 nömrəli məktəbin qarşısında da eyni saatlarda bənzər mənzərə müşahidə etdik.
Bu vəziyyətdə vətəndaşların da üzərinə müəyyən məsuliyyət düşür. Bu məsuliyyəti isə hər kəs vaxtında dərk etsə, hansısa qurumdan kömək gözləməyə ehtiyac qalmaz.
Zeynəb
