Mən bu yaşıma qədər heç vaxt bu bayramdan, bu Zəfərdən görmədim...
“Mən bu yaşıma qədər heç vaxt bu bayramdan, bu Zəfərdən görmədim. Çünki evdə heç vaxt bişməyib axı, yaxud qonşudan da gəlməyib. Mən bu hissin nə olduğunu bilmirəm. Amma bu gün adamın canına elə möhtəşəm bir rahatlıq gəlir ki…Adam özünə elə güvənir ki…Son 200 ildə biz heç vaxt özümüzə belə güvənmədik”.
Bu sözləri İnformator.az-a açıqlamasında yazıçı Seyran Səxavət söyləyib. Yazıçı deyir ki, bu gün xalqımız üçün bir ilkdir.
“Nə yaşadığım müddətdə, nə də oxuduğum kitablarda mən belə bir bayram görmədim. Bundan böyük nə ola bilər ki? Düşünürəm ki, xalqımız da belə bir sevincin, bayramın dadını ilk dəfədir dadır. Xankəndidə parad…Bu parad bu vaxta qədər olub ki? Olmayıb axı…Bu gün hamımız üçün bir ilkdir”.
Seyran Səxavət Zəfər günü münasibətilə öz təbrik və arzularını dilə gətirib.
“Başda Ali Baş Komandanımız olmaqla, hər kəsi canı-könüldən təbrik edirəm, hamıya göz aydınlığı verirəm. Allah bu günü bizlərə çox görməsin…Allah şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə göstərənlər daim çox yaşasın. Allah öz yaratdığı bəndələrindən fərqli olaraq, heç zaman əmanətə xəyanət eləmir. Zəfərin mübarək olsun, qəhrəman xalqım”.
Həcər Əmiraslanlı
